Azərbaycan Respublikasında Hökumət siyasi rəqiblərinə qarşı repressiyaları durdurmağa çağırılıb
(last modified Wed, 14 Aug 2024 07:42:05 GMT )
Avq 14, 2024 11:42 Asia/Baku
  • Azərbaycan Respublikasında Hökumət siyasi rəqiblərinə qarşı repressiyaları durdurmağa çağırılıb

"III Respublika Platforması" ictimai-siyasi təşkilatı Azərbaycan hökumətini siyasi rəqiblərinə qarşı repressiyaları durdumağa və diffamasiyanı dekriminallaşdırmağa çağırır. Bu barədə Platformanın bəyanatında deyilir.

 

Turan xəbər agentliyinin verdiyi məlumata görə, Platforma hesab edir ki, AXCP-nin keçmiş üzvü A. Əliyev tərəfindən Ə. Kərimliyə qarşı verilən xüsusi ittiham qaydasında şikayət də AXCP-yə qarşı Azərbaycan hökuməti tərəfindən aparılan sistematik repressiv tədbirlərin tərkib hissəsidir.

Azərbaycan hökuməti uzun müddətdir ki, AXCP-yə qarşı sistematik repressiya kampaniyası həyata keçirir.

"Bu siyasi repressiya hüquq-mühafizə orqanları tərəfindən davamlı olaraq AXCP üzvləri haqda əsassız və siyasi motivli cinayət və inzibati işlər açaraq onların məhkum edilməsində; AXCP sədri Ə. Kərimlinin ölkədən çıxışına imkan verməmək üçün ona ümumvətəndaş pasportunun verilməməsində partiyanın qərargahdan məhrum edilməsində, qurultay və iclaslarının keçirilməsi üçün məkanla təmin edilməməsində, sərbəst toplaşma azadlığı çərçivəsində toplantıların keçirilməsinə maneələr yaradılmasında; təşkilata və sədrinə qarşı hökumətyönümlü media və hakim partiyanın, eləcə də hakim partiya ilə əlaqəli peyk partiyaların təmsilçiləri tərəfindən aparılan qarayaxma kampaniyasında; həmçinin 2015-ci ildən bəri AXCP-nin qurultaylarının nəticələrinin əsassız səbəblərlə qeydiyyata alınmayaraq partiyanın fəaliyyətinin iflic edilməsində özünü büruzə verir", deyə bəyanatda bildirilir.

* "III Respublika Platforması" 2023-cü ilin dekabrında bir qrup ictimai fəal tərəfindən təsis edilib. Platforma hakimiyyətin üç qolu - qanunvericilik, icra və məhkəmə hakimiyyəti arasında səmərəli tarazlığın tərəfdarı kimi çıxış edir. Bu qurum siyasi təşkilat kimi ölkənin siyasi həyatında fəal iştirak etməyi planlaşdırırdı.

Lakin hakimiyyət bu təşkilatı xaricdən maliyyələşməkdə ittiham edir belə ki, 2024-cü ilin mart ayında bu təşkilatın bir neçə üzvü sözü gedən ittihamla ilə həbs edilib.