İqtisadçını təcavüzə məruz qalacağı ilə hədələyiblər
(last modified Fri, 16 Aug 2024 16:02:36 GMT )
Avq 16, 2024 20:02 Asia/Baku
  • İqtisadçını təcavüzə məruz qalacağı ilə hədələyiblər

Azərbaycan Gənclərinin Təhsil Fondunu təsis etdiyinə görə həbs edilən İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov onun cinsi təcavüzlə hədələndiyini deyib.

 

Avqustun 15-də Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımovun işi üzrə hazırlıq iclası keçirilib. Qasımov 62-ci gündür  Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq edir.

Prosesdə məlum olub ki, Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb, baxmayaraq ki, o, əvvəlcə məhz Qubad İbadoğluna saxta pul verməkdə ittiham olunaraq həbs edilib.

Məhkəmə iclasında Qasımov bildirib ki, istintaq zamanı ondan təsis etdiyi Azərbaycan Gənclərinin Təhsil Fondu haqqında məlumat tələb ediblər. İstanbulda onun təqib edilməsinə və həbsinə məhz bu səbəb olub.

Turan xəbər agentliyinin məlumatında deyilir ki, Bakıda istintaq zamanı onun çayın psixotrop maddələr əlavə ediblər və fiziki təzyiq göstəriblər. Bu səbəbdən etirafedici ifadələr verib.

İstintaq təcridxanasında ondan istintaqla əməkdaşlıq etməsini tələb ediblər. Əks halda homoseksualların kamerasına göndərilib orada təcavüzə məruz qalacağı ilə hədələyiblər.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Rüfət Səfərov Qasımovdan bu təhlükənin harada səsləndiyini soruşub. Qasımov deyib ki, Kürdəxanı İstintaq Təcridxanasında onu hədələyiblər və hədələyənlərdən biri həmin təcridxananın rəhbəri Elnur İsmayılovdur.

"Qasımov çox pis görünürdü, 62 günlük aclıqdan sonra təxminən 40 kiloqram çəkisi var, ayaq üstə çətinliklə dayanır, çətinliklə danışır", - Səfərov qeyd edib.

Növbəti məhkəmə iclası avqustun 29-na təyin edilib.

Fazil Qasımov 7 avqust 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, mütəşəkkil qrupun tərkibində saxta pulların hazırlanması, alınması və ya satışında ittiham olunub.

İstintaq bildirib ki, o, saxta pulları sonradan həbs olunmuş müxalifətçi siyasətçi Qubad İbadoğluna verib.

Bu yaxınlarda Qasımov baş prokuror, ombudsman, yerli və beynəlxalq ictimaiyyətə müraciətində bildirib ki, bu ifadələri işgəncə altında verib. O, həmin ifadələrdən imtina edib, İbadoğluna saxta pul vermədiyini, onunla heç vaxt FETO mövzusunda müzakirələr aparmadığını bildirib.

Fazil Qasımov əsassız cinayət təqibinə və istintaqın əvvəlində məruz qaldığı işgəncələrə etiraz olaraq iyunun 14-dən aclıq edir.