Avq 24, 2024 12:46 Asia/Baku
  • Ərbəin günü

Kərbəla faciəsinin 40-cı günü tamam olur

 

sabah  hicri-qəməri təqvimlə səfər ayının 20-si, Ərbəin günüdür.

 

bazar günü  Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm mövsümü başa çatır. Aşura günündən 40 gün sonra, Səfər ayının 20-ci günü qeyd edilən Ərbəin, “qırx” mənasını verir. İmam Hüseynin (ə) şəhadətə çatdığı Aşura günündən 40 gün sonra qeyd edilən ərbəin günü, həm də İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin ilk dəfə ziyarət olunduğu gündür. Hədislərdə qeyd olunur ki, Ərbəin günündə Peyğəmbərimizin (s) yaxın səhabəsi Cabir ibni Abdullah və əziz nəvəsi Həzrəti Zeynəb (s) ilk dəfə olaraq, İmam Hüseyni (ə) və Kərbəla şəhidlərini ziyarət etmişdir. Buna görə, Ərbəin günü İslamın iki əsas məzhəbinin Səhabə və Əhli-Beyt məzhəbinin ortaq nöqtəsi və vəhdət səbəblərindən biri sayılır.

Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə əlaqədardır. İmam Hüseyn (ə) və səhabələri Kərbəlada şəhid olduqdan sonra çadırları qarət olunur, sağ qalan ailə üzvləri isə əsir götürülür. Əsirlər Kufə oradan da Şam (Dəməşq) şəhərinə aparılır. Səfər boyunca müxtəlif işgəncə və əzablara məruz qalan Peyğəmbər (s) ailəsi, Şam şəhərindən qayıdan zaman İraq və Mədinəyə gedən iki yol ayrıcına çatır. Karvanın başçısından onları Kərbəlaya aparmasını istəyir. Kərbalaya çatanda görürlər ki, Cabir ibn Əbdullah Bəni-Haşim və Peyğəmbər (s) sülaləsindən ibarət bir neçə nəfərlə İmam Hüseynin (ə) ziyarətinə gəlib. Beləliklə, tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs kimi Cabir ibn Abdullahın adı qeyd olunur, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir.

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və “Ərbəin ziyarətnaməsi”ni oxumaq böyük savaba malikdir. İmam Həsən Əsgəridən (ə) nəql olunan bir hədisdə isə “Ərbəin ziyarətnaməsi”ni oxumaq möminin 5 əlamətindən biri kimi göstərilir.

Xatırladaq ki, Kərbəla şəhidlərinin matəm mərasimi Ərbəin günündə başa çatsa da, bundan sonra daha 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-i Həzrəti Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfat günü, səfər ayının son günü (29-u və ya 30-u) isə İmam Rzanın (ə) şəhadət günüdür. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, bütün Məhərrəm və Səfər ayı boyunca hüznlü olmaq və matəm saxlamaq tövsiyə olunur.

Kərbəlada axdı qanın ya Hüseyn, Heyif oldu gözəl canın ya Hüseyn, Əhli-Beytin iftixarı ya Hüseyn, Ağlar qaldı möminlərin can Hüseyn…..

Teqlər