İqtidar nəticədən razıdır, müxalifət isə seçkilərə inamın olmadığını deyir
(last modified Wed, 04 Sep 2024 07:42:07 GMT )
Sen 04, 2024 11:42 Asia/Baku
  • İqtidar nəticədən razıdır, müxalifət isə seçkilərə inamın olmadığını deyir

Azərbaycanda keçirilən növbədənkənar seçkilərdə seçici fəallığının aşağı olması mübahisə doğurub.

 

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığını 37 faiz açıqladı.

Fəallığın antirekord vurması ilə bəzi təhlilçilər yenidən legitimlik məsələsini önə sürürlər. Onlar düşünür ki, belə şəraitdə parlamentin siyasi və sosial məsələlərə təsir gücü də aşağı düşür. Amma hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Elman Nəsirov "Turan"a bildirib ki, VII çağırış kifayət qədər bilikli, savadlı, təcrübəli, vətənpərvər insanların cəmləşdiyi bir parlament olacaq.

Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəyli isə Azadlıq Radiosuna bildirib ki, əhalidə seçkilərə inam yoxdur. İndiyə qədər dəfələrlə seçkilər saxtalaşdırıldığı üçün əhali seçkiyə inanmır və seçkiyə gəlmir.

M.Hacıbəyli vurğulayıb ki, seçkiqabağı demokratik şəraiti olmadığı, hətta seçki dövründə siyasi həbslər davam etdiyi üçün ölkədə xof ab-havası davam etdi və bu xof ab-havası altında keçirilən seçkidə əhalinin aktiv olmaması təbiidir.

Siyasi şərhçi Şahin Cəfərli düşünür ki, Azərbaycan xalqı seçkiyə getməməklə əslində öz etirazını ortaya qoymuş olur. Bu, bariz şəkildə legitimlik problemi yaradır.

Onun fikrincə, xalq ölkədə dürüst seçkilərin keçiriləcəyinə, onun iradəsinə hörmət göstəriləcəyinə inamını itirib.