100-dən çox fəal Söyüdlü kəndi ilə bağlı bəyanat yayıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i748-100_dən_çox_fəal_söyüdlü_kəndi_ilə_bağlı_bəyanat_yayıb
100-dən çox vətəndaş cəmiyyəti fəalı Gədəbəy rayonu Söyüdlü kəndində qızıl mədəni ətrafında baş verənlərlə bağlı bəyanat yayıblar.
(last modified 2023-06-28T04:42:04+00:00 )
İyun 27, 2023 17:39 Asia/Baku
  • 100-dən çox fəal Söyüdlü kəndi ilə bağlı bəyanat yayıb

100-dən çox vətəndaş cəmiyyəti fəalı Gədəbəy rayonu Söyüdlü kəndində qızıl mədəni ətrafında baş verənlərlə bağlı bəyanat yayıblar.

 

Vətəndaş cəmiyyətinin nümayəndələri qeyd edib ki, səlahiyyətli qurumlar sakinlərlə görüş keçirərək onların problemlərini dinləməyi bacarmayıb. "Əvəzində isə əraziyə Daxili Qoşunlara aid olduğu iddia olunan onlarla əməkdaş yeridilib, yerli sakinlərlə qarşıdurmaya gedilib. Mediada geniş yayılan görüntülərdə yerli sakinlərə qarşı rezin güllələr, dəyənək və gözyaşardıcı qazdan istifadə olunduğu, Daxili İşlər Nazirliyi əməkdaşlarının etirazçılara qarşı fiziki güc tətbiq etməsi aydın müşahidə olunub. Sonda hadisələr 10-dan çox şəxsin xəsarət alması, 5 nəfərin inzibati qaydada həbsi və 1 nəfərin isə 1500 manat cərimələnməsi ilə yekunlaşıb".

Onlar bildiriblər ki, ətraf mühit problemləri və yerli ehtiyaclarla bağlı haqlı etirazlarını dilə gətirmək hüququ vətəndaşların həm Konstitusiya, həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarda  qorunur.

Bəyanat müəlliflərin bildirməsinə görə, ərazidə qızıl hasilatını həyata keçirən "AzərGold" QSC hadisə ilə əlaqəsi olmadığını bildirib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hadisəyə ümumiyyətlə münasibət bildirməyib. "Yekunda vətəndaşların ətraf mühit və yerli ehtiyaclarla bağlı iradlarını dinləyən və ya nəzərə alan rəsmi qurum olmayıb". Həmçinin əraziyə gələn icra başçısı sadəcə sakinləri günahlandırmaqla məşğul olub.

İmzalayanlar eyni zamanda qeyd edib ki, vətədanşların həyatına təsir edən qəraların qəbulu zamanı onların rəyinin alınmaması, seçkili yerli institutların mərkəzi və yerli icra orqanlarından asılı olması sosial rifahın pisləşməsinə və ədalətsizliyə səbəb olur. "Bununla bağlı olaraq bəyanatı imzalayanlar vətəndaş cəmiyyəti fəalları və digər aktiv kəsimləri bu məsələni gündəmdə saxlamağa, aidiyyatı qurumları etirazçıların şikayətini dinləməyə və araşdırmağa, hüquq-mühafizə orqanlarını isə zorakılıq tətbiq edən əməkdaşlar barədə effektiv araşdırmalar aparmağa və məsuliyyətə cəlb olunmalarına çağırır"