Bakı-Naxçıvan-Bakı marşrutu üzrə
Reyslər artırılsa da bilet tapılmır!
Həftənin cümə günündən etibarən sərnişinlər Naxçivan istiqamətində təyyarə bileti tapa bilmədiklərini bildirir.
Turan xəbər agentliyi Naxçıvanda yaşayan adını çəkmədiyi bir mənbəyə istinadla təyyarə biletlərini təmin etməyin qeyri-mümkün olduğunu bildirib.
Həmin mənbənin sözlərinə görə, iyunun 30-dan Naxçıvana getmək üçün bilet ala bilmir. "Kiminsə tanışı varsa, yalnız onun vasitəsilə bilet tapa bilir. Ya da çox baha qiymət deyirlər. Ona görə də uzun növbələr var".
Turan Milli Məclisin deputatı Fazil Mustafanın da fikrini öyrənib. Deputat bildirib ki, bu problem süni bir problemdir. O az sayda sərnişini daşıya bilən kiçik təyyarələrin Naxçıvana cəlb olunması və iri təyyarələrin daha çox İstanbul və başqa reyslərə yönəldildiyini bildirib və bunu Naxçıvan biletinin 60 matan İstanbul biletinin isə 100-150 manat olması ilə əlaqəli hesab edib.
Deputatın fikrincə, burada korrupsiya əlamətləri var. "Biletin qıtlığı onu göstərir ki, reysləri az salırlar və biletlərinin onlayn satışını lazımi səviyyədə təşkil etmirlər”
Onun fikrincə, bu məsələ hökümət səviyyəsində ciddi müzakirə olunmalıdır.
Turan mövzu ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nə də müraciət ünvanlayıb. Oradan isə bildirilib ki, AZAL sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir və bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb.
Qeyd olunub ki, sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırılıb.
Beləliklə sual ortaya çıxır ki, əgər reyslərin sayı artıbsa bəs niyə blet qıtlığı yaranıb. Bəzilərinə görə yaradılmış bilet qıtlığı biletlərin daha baha satılması məqsədi güdərək süni xarakter daşıyır.