Bakıda çılpaq heykəllər narazılığa səbəb olub
Bakıda keçiriləcək BMT-nin COP29 tədbiri ərəfəsində Bakıda təşkil olunan bir sərgi ciddi müzakirələrə səbəb olub.
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində açılışı olmuş italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisində bəzi çılpaq heykəllərin nümayiş etdirilməsi tənqidlərə yol açıb.
Mərkəzin park ərazisində nümayiş etdirilən Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələrə səbəb olub. O da məlum olub ki, həmin əsərin paltarlı forması da mövcud olub ancaq Bakıda onun çılpaq nümunəsi nümayiş etdirilir.
Rəssam və heykəltaraş sənətkar Tələt Mərdi Həqq paralel.az-da dərc olunan məqaləsində bildirir ki, çılpaq qadın heykəlini şəhərin ortasında, parklarda qoymaq heç etik deyil. Heç bir sənət əsərində, həmçinin ədəbiyyat, musiqi və xüsusən kinematoqrafiyada insanın çılpaq göstərilməsi etik deyil, vacib deyil, çünki bunsuz da fikri çatdırmaq olur.
“Vacib deyil lütüryan qadın, kişi heykəllərini doldurasan şəhərin küçələrinə, binalarının fasadlarına, parklara. Avropalının sifəti başqa, bizim türk üzümüz başqa.”,- Sənətkar deyib.
“Məgər bizim istedadlı heykəltəraşlarımız yoxdurmu ki, kiminsə ölkəsində qoyulmuş heykələ tamahımız düşür, onun daha əcayib kopyasını gətiririk paytaxtımıza?”,- Tələt Mərdi Həqq bildirib.
Sosial şəbəkələrdə gedən müzakirələrdə isə sözügedən əsərin digər ölkələrdə "paltarlı" formada olsa da, Azərbaycanda çılpaq təsvir olunmasına daha çox diqqət çəkilib.
Elnur Poliqlot adlı istifadəçi: “Avropada geyinib bizdə lüt gəzən heykəl” yazıb.
Kənan Rövşənoğlu: “Qətər və Çini başa düşdük, hətta London və Nyu-Yorkda da heykəl çılpaq olmayıb, amma Bakıya gələndə soyundurdular. Belə görünür ki, Bakı təcrübə-sınaq mərkəzinə çevrilib”.
Nemət Tağıyev: “Eyni müəllif, eyni heykəl və fərqli şəhərlər. Məni qınamayın, bu yetimi deyəsən, gömrük bu günə qoyub. Ayıbdır, bunun üstünə brezentdən zaddan çəkin”.
Zaira Akifqızı: “Zarafat bir yana, camaatın heykəlini geyindirir, bizimkini soyundururlar. Bu nə ayrı-seçkilikdir belə?”
Zaur Əliyev: “Hər yerdə paltarlı olan bu heykəl bizə çatanda lüt oldu”.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdirilən çılpaq heykəl 2025-ci il mayın 11-dək orada qalacaq.