İranlı general Qafqazın geosiyasətindən danışdı
Səfəvi: Qafqazda gedən proseslər Rusiya, İran, Azərbaycan və Ermənistanın ziyanınadır
İran silahlı qüvvələrinin Ali Baş Komandanın baş hərbi müşaviri bəzi regiondankənar və regional aktorların Qafqaz regionunda ixtilaf və böhran yaratmaq cəhdlərinə toxunaraq deyib ki, regionda gedən proseslər Rusiya və İranın, Azərbaycan və Ermənistanın ziyanınadır.
General-mayor Seyid Yəhya Rəhim Səfəvi vurğulayıb ki, Azərbaycan Respublikası və Türkiyə İranın geosiyasətini tamamlayır, İran və Türkiyə sərhədləri Sultan Səlim Osmani ilə Şah İsmayıl Səfəvi arasında miladi 1514-cü ildə Çaldıran müharibəsindən sonrakı son 500 ildə təhlükəsiz və dinc sərhədlər olmuşdur.
O, bəzi qeyri-regional və regional aktorların Qafqaz regionunda ixtilaf və böhran yaratmaq cəhdlərinə toxunaraq qeyd edib: “Regiondankənar qüvvələr Rusiya, İran, Azərbaycan və Ermənistanın ziyanına olan dəyişikliklər axtarırlar. “Ümid edirik ki, Cənubi Qafqaz ölkələri ilə yanaşı İran İslam Respublikası, Rusiya və Türkiyənin anlaşması, habelə birgə müdafiə və təhlükəsizlik diplomatiyaları nəticəsində amerikalılar, avropalılar və bu regionda siyasi və geosiyasi dəyişikliklərə cəhd edən sionist rejimin strategiyası uğursuzluğa uğrayacaqdır. Əlbəttə ki, güclü İran öz maraqlarını və milli təhlükəsizliyini təkbaşına belə müdafiə etməyə qadirdir”.