Hava hücumundan müdafiənin gücləndirilməsini ciddi şəkildə davam etdiririk
https://parstoday.ir/azeri/news/iran-i14598-hava_hücumundan_müdafiənin_gücləndirilməsini_ciddi_şəkildə_davam_etdiririk
Silahlı Qüvvələrin Baş Qərargahı vasitəsilə və büdcə vəsaitlərinin ayrılması məsələsini izləməklə hava hücumundan müdafiənin gücləndirilməsi istiqamətində ciddi iş aparırıq.
(last modified 2026-10-12T16:23:10+00:00 )
Okt 12, 2026 20:19 Asia/Baku
  • Hava hücumundan müdafiənin gücləndirilməsini ciddi şəkildə davam etdiririk

Silahlı Qüvvələrin Baş Qərargahı vasitəsilə və büdcə vəsaitlərinin ayrılması məsələsini izləməklə hava hücumundan müdafiənin gücləndirilməsi istiqamətində ciddi iş aparırıq.

 

 İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə namizəd göstərilən şəxs İslam Şurası Məclisinin iclasında bu nazirliyin idarə olunması ilə bağlı proqramlarını təqdim edib.

 

Müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə namizəd Mehrdad Əxlaqi bu gün, bazar ertəsi, 12 oktyabr tarixində keçirilən xüsusi iclasda şəhid Liderimizin və digər şəhidlərin xatirəsini yad edərək, son illərdəki fəaliyyəti, gördüyü işlər və əldə etdiyi nəticələr barədə məlumat verib. O bildirib: Müdafiə Nazirliyinin idarə olunması ilə bağlı təqdim etdiyim proqramda 16 prioritet müəyyənləşdirilib. Onlardan biri gələcək Müdafiə Nazirliyinin yenidən qurulması və yeni model əsasında formalaşdırılmasıdır.

​

Əxlaqi vurğulayıb: İstehsal və sənaye infrastrukturlarının qeyri-hərbi müdafiə prinsipləri nəzərə alınmaqla bərpası da proqramda yer alan məsələlərdəndir. O əlavə edib ki, hazırda yalnız altı ay ərzində istehsalını təşkil edə və yeni texnologiyalar tətbiq edə biləcəyimiz yeni məhsullara üstünlük veririk. Buna görə də müdafiə sistemlərində sıçrayışlı yeniliklərə nail olmaq məqsədilə yeni və qabaqcıl texnologiyaların tətbiqi hökumətin fəaliyyət müddətinin başa çatmasına qalan 22 ay ərzində əsas hədəflərimizdən biridir.

​

Ölkənin hava hücumundan müdafiə sisteminin vəziyyətinə toxunan Əxlaqi bildirib: Silahlı Qüvvələrin Baş Qərargahı vasitəsilə və büdcə vəsaitlərinin ayrılması məsələsini izləməklə hava hücumundan müdafiənin gücləndirilməsi istiqamətində ciddi iş aparırıq. Ümid edirik ki, bu dövrdə bu sahəyə daha çox diqqət yetiriləcək.

​

Müdafiə naziri vəzifəsinə namizəd deputatların müharibəyə baxışı ilə bağlı ünvanladıqları digər suala da münasibət bildirib. O deyib: Şəhid İmamımızın malik olduğu və bu gün ali Rəhbərimizin rəhbər tutduğu baxışdan başqa heç bir baxışımız yoxdur. Biz bu yolu zərrə qədər də geri çəkilmədən davam etdiririk və Silahlı Qüvvələrin Ali Baş Komandanı ali Rəhbərin göstərişlərini yerinə yetiririk.

​

O, ölkəyə qarşı uzunmüddətli sanksiyalara da toxunaraq bildirib: İran 47 ildir sanksiyalar altındadır. Bəs bu sanksiyalar İran xalqının dözümlülüyünü sıfıra endirə bilibmi? Sanksiyalar şəraitində də hərbi təchizat istehsal etmiş, raket təminatını həyata keçirmişik. Silahlı Qüvvələrin öz vəzifələrini yerinə yetirməsində ciddi problemlə üzləşmirik.

​

Müdafiə naziri vəzifəsinə namizəd xatırladıb: Silahlı Qüvvələrin düşmənlə mübarizə aparması üçün zəruri avadanlıq və təchizatla təmin olunmasını müxtəlif üsul və tədbirlərlə həyata keçirmişik və bu yolu davam etdirəcəyik.