Əmir Abdullahiyan Yaponiya rəsmiləri ilə görüşlərinin təfərrüatlarını açıqlayıb
Xarici işlər naziri deyib: “Yaponiya yüksək rəsmiləri ilə ikitərəfli münasibətlərin son vəziyyəti, Əfqanıstan, Fars körfəzi, Ukrayna məsələləri və sanksiyaların ləğvi müzakirə mövzusu oldu.”
İRNA-nın xarici siyasət üzrə müxbirinin məlumatına görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sosial şəbəkədəki səhifəsində yazıb: “Tokioda Yaponiyanın baş naziri, xarici işlər naziri və səhiyyə və sosial rifah naziri ilə faydalı müzakirələr apardım.
Yaponiya yüksək rəsmiləri ilə ikitərəfli münasibətlərin son vəziyyəti, Əfqanıstan, Fars körfəzi, Ukrayna məsələləri və sanksiyaların ləğvi müzakirə mövzusu oldu. İki ölkə arasında dostluq münasibətlərinin qədim tarixi var.”
Bazar günü yerli vaxtla axşam saatlarında Yaponiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Tokioya rəsmi səfər etmiş Hüseyn Əmir Abdullahiyan bu gün yerli vaxtla günorta saatlarında bu ölkənin Baş naziri ilə görüşüb.
Bu görüşdən əvvəl o, Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi, səhiyyə, əmək və sosial rifah naziri Katsunobu Kato ilə görüşüb, ikitərəfli münasibətlərin son vəziyyəti, regional problemlər və beynəlxalq hadisələri müzakirə edib.
Qeyd edək ki, ölkəmizin xarici işlər nazirinin Tokioya səfəri 1945-ci ildə ABŞ-ın Hiroşima və Naqasakiyə atom bombası atması və bu iki şəhərdə böyük insan fəlakətinə səbəb olmasının ildönümünə təsadüf edir.