Rəisi: İran Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazırdır
İran İslam Respublikasının prezidenti ayrı-ayrı mesajlarında Ermənistan prezidenti və baş nazirini Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib.
İran bütün imkanları daxilində Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verməyə hazırdır.
Bu barədə İran prezidenti İbrahim Rəisinin Ermənistanın Müstəqillik Günü münasibətilə baş nazir Nikol Paşinyana ünvanladığı təbrikdə deyilir.
Qeyd olunur ki, İran İslam Respublikası özünün qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazın təhlükəsizliyi və rifahına töhfə vermək istəyir və regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün səy göstərməyə hazırdır.
Ermənistan prezidenti Vahagn Xaçaturyana ünvanlanan təbrikdə qeyd olunur ki, son illərdə əməkdaşlığın genişləndirilməsi tendensiyası İran və Ermənistan arasında münasibətlərin gələcəyinə müsbət və ümidverici baxışdan xəbər verir. “Ümid edirəm ki, iki dost ölkə arasındakı əlaqələr qarşıdakı illərdə də müxtəlif miqyaslarda inkişaf edib dərinləşəcək və ölkəmizin xalqı onun bəhrələrindən faydalanacaq”, - İran prezidentinin mesajında deyilir.