Vilayəti Mərakeş bəyanatına reaksiya verdi
“Rusiyanın hərəkəti onun reputasiyasına xələl gətirə bilər”
İran İslam İnqilabının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Mərakeşdə bəzi ərəb ölkələri və rusiyalı ekspertlərin iştirakı ilə keçirilən iclasın bəyanatını pisləyərək vurğulayıb ki, İran heç bir xarici tərəfin onun daxili işlərinə qarışmasına icazə vermir.
Əli Əkbər Vilayəti Təsnim xəbər agentliyinin müxbiri ilə söhbətində deyib: “Fələstinlilərin taleyinə biganə qalan bəzi ərəblər və rusiyalı ekspertlərin qəbul etdiyi bəyanatda ciddi çatışmazlıqlar var və onun ən əhəmiyyətlisi İranın işlərinə müdaxilə olan bənddir və biz bu hərəkəti pisləyirik”.
O əlavə edib ki, siyasi münaqişələrdə iştirak edən dövlətlər İran İslam Respublikası ilə bağlı mövqelərində daha diqqətli olmalıdırlar. Bu baxımdan ikitərəfli və regional maraqlar nəzərə alınmalıdır.
Vilayətinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin bəzi mövqeləri təəssüf doğurur. Lakin onu bilmək lazımdır ki, mövcud mürəkkəb şəraitdə Rusiyanın bəzi siyasi təzyiqlər nəticəsində aşağı dəyər və əlçatmaz imtiyazlar əldə etmək üçün atdığı addım onun reputasiyasına xələl gətirəcək.
Aliməqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri sonda vurğulayıb ki, İran İslam Respublikası üç adanın əsas sahibi olaraq özünün milli və regional maraqları naminə bədxah qüvvələrin hərəkətlərini bundan sonra da diqqətlə izləyəcək və lazımi cavabı verəcəkdir.