Milliyət qəzeti İran XİN rəhbərinin məqaləsini dərc edib
İran Prezidenti Seyid İbrahim Rəisinin Türkiyəyə rəsmi səfəri ilə eyni zamanda İranın XİN başçısı Hüseyn Əmir Abdullahianın Türkiyənin nüfuzlu Milliyət qəzetində məqaləsi dərc olunub.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin “Milliyət” qəzeti üçün yazdığı məqalədə 3+3 regional formatının Türkiyə-İran əməkdaşlığını gücləndirəcəyini yazıb.
Əmir Abdullahian Miliyyət qəzetində dərc olunanməqaləsində qeyd edib ki, Türkiyə və İran Qərbi Asiyanın, Fars körfəzinin iki güclü ölkəsi olaraq bu regionları təxribatçı ünsürlərin təsirlərindən qoruya bilər: "Suriyada sabitliyin təmin olunması üçün yaradılmış Astana formatı, Qafqazda əməkdaşlıq üçün təklif edilən 3+3 formatı, Fars körfəzindəki üçtərəfli və çoxtərəfli əməkdaşlıq kimi ortaq səylər regionda iki ölkə arasında əməkdaşlığa töhfə verən yalnız bir neçə nümunədir”.
Nazir yazıb ki, regional böhranların həlli istiqamətində iki ölkə arasında yaxşı əməkdaşlıq mühiti var: “Əməkdaşlığın daha da inkişafı üçün lazımi addımlar atılır və atılacaq”.
H.Ə.Abdullahian, həmçinin hər iki ölkənin eyni təhdidlərlə qarşı-qarşıya olduğunu diqqətə çatdırıb: "Türkiyə və İran regional təhlükəsizliyin təmin olunması üçün terrorla mübarizəni davam etdirəcək",- İran XİN rəhbəri yazıb.