İran XİN başçısının regional səfərləri davam edir
Əraqçi İordaniyaya gedib
İran xarici işlər naziri regional səfərlərinin davamında İordaniya rəsmiləri ilə danışıqlar aparmaq üçün bu ölkəyə səfər edib.
İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Seyid Abbas Əraqçi regional səfəri çərçivəsində İordaniya rəsmiləri ilə görüşmək üçün çərşənbə günü İordaniyanın paytaxtı Əmmana gedib.
Əraqçinin görüşlərinin əsas məqsədi regional hadisələri nəzərdən keçirmək və İsrail rejimini Qəzzə zolağında və Livanda insanlara qarşı cinayətlərini dayandırmağa məcbur etmək üçün bir yol tapmaqdır.
İranın xarici işlər naziri bundan əvvəl də Qəzzə və Livandakı son hadisələrlə bağlı regional məsləhətləşmələr aparmaq üçün Livan, Suriya, Səudiyyə Ərəbistanı, Qətər, İraq və Omana səfər edib və bu ölkələrin yüksək vəzifəli rəsmiləri ilə Təl-Əviv rejiminin cinayətlərinin qarşısını almaq üçün müzakirələr aparıb.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai X səhifəsində yazıb: "İran xarici işlər naziri cənab Seyid Abbas Əraqçi soyqırım, vəhşilik və təcavüzə son qoymaq üçün bölgə ölkələri ilə diplomatik məsləhətləşmələr çərçivəsində Misir və Türkiyəyə də səfər edəcək".
İranın diplomatik aparatının rəhbəri bütün üzbəüz görüşlərdə, eləcə də regional və qeyri-regional ölkələrdən olan həmkarları və digər rəsmi şəxslərlə diplomatik telefon danışıqlarında Tehranın regionda sülhə nail olmaq istədiyini vurğulayıb.
Əraqçi Oman rəsmiləri ilə müzakirələrdə də bildirib ki, İranın bu davamlı və intensiv diplomatik səyləri regionda sülh, sabitlik və əmin-amanlıq üçün müsbət nəticələr əldə olunana qədər davam edəcək.