İran xarici ölkələrin Qafqaza müdaxiləsinin əleyhinədir
İran xarici işlər naziri Azərbaycan baş nazirinin müavini ilə görüşdə İranın xarici ölkələrin Qafqaza müdaxiləsinə qarşı olduğunu bəyan edərək, region ölkələrinin imkanlarından, o cümlədən 3+3 məsləhət mexanizmindən istifadənin zəruriliyini vurğulayıb.
Seyid Abbas Əraqçi çərşənbə axşamı Tehranda Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevlə keçirdiyi görüşdə region ölkələrinin məsələlərin danışıqlar yolu ilə həll etmək və sülh razılaşmasına nail olmaq əzmini müsbət qiymətləndirib və İranın bu istiqamətdə yardım etməyə hazır olduğunu bəyan edib.
O, Azərbaycan Respublikasının İran İslam Respublikasının xarici siyasətindəki əhəmiyyətinə toxunaraq, iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Əraqçi, həmçinin bu baxımdan iki ölkə arasında birgə iqtisadi komissiyanın rolunu da qeyd edib.
İran xarici işlər naziri sionist rejimin müdafiəsiz Fələstin və Livan xalqlarına qarşı bəzi Qərb ölkələrinin dəstəyi ilə törədilən cinayətlərinə toxunaraq, bu cinayətlərin dayandırılması üçün qlobal addımların atılmasının zəruriliyini vurğulayıb.
Bu görüşdə Azərbaycan Respublikası baş nazirinin müavini İran İslam Respublikasında rəsmi şəxslərlə faydalı və konstruktiv görüş və danışıqlara toxunaraq, özünün və onu müşayiət edən nümayəndə heyətinin Tehrana səfərinin ölkəsinin İran İslam Respublikası ilə əlaqələri inkişaf etdirmək səylərini nümayiş etdirdiyini bildirib.
Şahin Mustafayev iki ölkə arasında ticarət, investisiya, tranzit, elektrik enerjisi, su və neft sahələrində əməkdaşlığı faydalı və səmərəli adlandırıb və iki ölkənin malik olduğu böyük potensialları nəzərə alaraq, ikitərəfli əməkdaşlıq prosesinin İranın yeni hökuməti dövründə də davam edəcəyinə ümid etdiyini bildirib.
Azərbaycan rəsmisi Qafqaz regionunda baş verən proseslərlə bağlı məlumat verərək, Bakının regionda sülhə nail olmaq yanaşmasını vurğulayıb və bildirib ki, Azərbaycan Respublikası heç vaxt öz ərazisindən qonşularına hücuma imkan verməyəcək.