İran rəsmisi xəbərdarlıq edib
Xərrazi: Vücudi təhdid yaranarsa, nüvə doktrinasını dəyişmək mümkündür
İran İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri bəyan edib ki, bu dövlətə qarşı vücudi təhdid yaranarsa, nüvə doktrinasını dəyişmək mümkündür.
Kamal Xərrazi Livanın Əl-Məyadin televiziyası ilə müsahibədə bu mövqeyi açıqlayıb. O, İranın nüvə doktrinasının gələcəkdə dəyişdirilməsinin mümkünlüyü ilə bağlı sualın cavabında deyib: “Əvvəlki mövqe hələ də qüvvədədir, lakin İran İslam Respublikasının mövcudiyyətinə təhlükə yaranarsa, biz hərbi doktrinamızın istiqamətini dəyişmək məcburiyyətində qala bilərik. İndi silah istehsal etmək üçün lazımi imkanlarımız var və yeganə maneə Rəhbərliyin nüvə silahının istehsalını qadağan edən fitvasıdır”.
İran İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri sonra deyib: “PUA-lar və raketlər baxımından bizim gücümüzü hamı etiraf edir. Doğru Vəd əməliyyatında bu bacarığı tam sübut etdik”.
Xarazi daha sonra bildirib ki, İran İslam Respublikasının strateji siyasəti region ölkələri ilə əlaqələrini genişləndirməkdir. Təbii ki, bəziləri bu siyasətdən razı qalmaya və regionun maraqlarına uyğun olmayan şantajlara başlaya bilərlər.
İranlı rəsminin sözlərinə görə, sionist rejim ötən il oktyabrın 7-dən Qəzzə və Livana qarşı apardığı genişmiqyaslı müharibə ilə Qərbi Asiya regionunda gərginlik yaradıb və son zamanlar İranın ərazi bütövlüyünə təcavüzləri ilə bu gərginliyi mümkün qədər genişləndirməyə çalışır.
O, İranın atəşkəs danışıqlarında iştirak etmədiyini, danışıqların livanlı və fələstinlilərin üzərinə düşdüyünü və İran İslam Respublikasının onların qərarını dəstəklədiyini vurğulayıb.