Pezeşkiyan: İran dünyada sülh və əmin-amanlıq ardıncadır
Prezident bu gün dünyanın İranın dünyada sülh və təhlükəsizlik ardınca olduğuna inandığını vurğulayaraq deyib: “İran İslam Respublikasının nüvə texnologiyasında axtardığı şey tam olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin qanuni çərçivələri və icazələrinə uyğundur.”
Məsud Pezeşkiyan Atom Enerjisi Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşdə İran İslam Respublikasının sülhməramlı nüvə fəaliyyətlərini və nüvə silahının istehsalının qadağan edilməsi ilə bağlı sabit və prinsipial mövqeyini izah edərək deyib: “Dəfələrlə bəyan etdiyimiz kimi, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin açıq-aşkar fətvasına əsaslanaraq, biz heç bir şəkildə nüvə silahı yaratmağa cəhd etməmişik və etməyəcəyik və heç kəsin onun siyasətindən kənara çıxmağa icazəsi olmayacaq.”
Prezident bildirib: “Buna görə də, xoş niyyətimizi dəfələrlə sübut etdiyimiz kimi biz ölkəmizin dinc nüvə fəaliyyəti ilə bağlı iddia edilən qeyri-müəyyənlikləri və şübhələri aradan qaldırmaq üçün bu beynəlxalq təşkilatla əməkdaşlığa və yaxınlaşmağa hazır olduğumuzu bəyan edirik. Baxmayaraq ki, bu gün dünya İslami İranın dünyada sülh və əmin-amanlıq ardınca olduğuna inanır.”
Dövlət başçısı sonra deyib: “Atom Enerjisi Agentliyinin bir sıra hesabatları ilə təsdiqləndiyi kimi, biz bu müqavilədəki bütün öhdəliklərimizi yerinə yetirmişik. Bu müqavilədən birtərəfli qaydada çıxan Amerika oldu və bu yolu davam etdirməyi qeyri-mümkün etdi.”
Prezident deyib: “Mən daxildə harmoniya və empatiya yaratmaq, dünya ilə sülh və dostluğu vurğulamaq, əlaqələri inkişaf etdirmək şüarı ilə seçkilərə qatıldım və xalq tərəfindən prezident seçildim, amma çox təəssüf ki, mənim fəaliyyətimin ilk günündə sionist rejim cinayət əməli ilə İsmayıl Həniyyəni terror etdi, bizim ardınca olduğumuz işləri zədələdi, bunun ardınca bölgədə müharibəni qızışdırmaqla və qan tökməklə bölgəni daha ağır böhrana sürüklədi.”
“Bu gün dünya ictimai rəyi susqunluq və passivlik əvəzinə insan haqlarına iddialı dövlətlərdən, beynəlxalq qurum və təşkilatlardan bu cinayətlərin qarşısının alınmasında təsirli rol oynamasını gözləyir” - deyə, Prezident əlavə edib.
Pezeşkiyan deyib: “Biz hesab edirik ki, müharibə nə bizim, nə regionun, nə də dünyanın maraqlarına uyğundur. Heç bir ağıllı insan müharibəyə başlamağa və onu inkişaf etdirməyə can atmaz. Amma təhlükəsizliyimizə qarşı hər hansı bir hərəkətə qətiyyətlə cavab verəcəyik.”
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi də bu görüşdə doktor Pezeşkiyanın sülhpərvər və harmoniya yönümlü yanaşma və dünyagörüşünü təqdir edib, həmçinin Atom Enerjisi Təşkilatının və Xarici İşlər Nazirliyinin rəsmilərinin Atom Enerjisi Beynəlxalq Agentliyi ilə ciddi əməkdaşlığını yüksək qiymətləndirib, İran İslam Respublikası ilə Agentlik arasındakı yaxşı əlaqələr və qarşılıqlı əməkdaşlıq haqqında ümumi məlumat verərək deyib: “Biz dərindən inanırıq ki, sizin prezidentliyiniz İran və Agentlik arasında yaxşı və müsbət münasibətlərin yeni səhifəsini açacaq.”
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru bildirib: “Şübhəsiz ki, İranla Agentlik arasında yaxşı qarşılıqlı əlaqə və əməkdaşlıq İranın nüvə fəaliyyətlərinə qarşı fitnə-fəsadları neytrallaşdıracaq.”