"Şimal-Cənub" BND-də dəmiryolu infrastrukturunun vahid operatoru təsis ediləcək
(last modified Sun, 21 May 2023 12:41:24 GMT )
May 21, 2023 16:41 Asia/Baku

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin RF hökumət başçısının birinci müavini Andrey Belousovla görüşündə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) inkişafı layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüş Kazanda "Rusiya-İslam dünyası" XIV Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

"Görüşdə dəmiryolu infrastrukturunda, avtomobil yollarında, o cümlədən Mahaçqala, Dərbənd, Xasavyurd keçidlərində, buraxılış məntəqələrində və nəqliyyat-logistika mərkəzləri hissəsində dar yerlərin aradan qaldırılması üzrə tədbirlərin sinxronlaşdırılması zərurəti qeyd edilib", deyə RF hökumətinin məlumatında bildirilir.

Bundan başqa, Mustafayev və Belousov Azərbaycan, Rusiya və İran dəmiryolu infrastrukturunun vahid operatorunun təsis edilməsini müzakirə ediblər.

Bu həftə RF və İİR İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinin başa çatdırılması haqqında saziş imzalayıblar. Layihənin həyata keçirilməsi Fars körfəzindən Sankt-Peterburqa qədər fasiləsiz dəmiryolu dəhlizini işə salmağa imkan verəcək.