Tramp-ın həyatına qarşı sui-qəsd nədən xəbər verir?
(last modified Tue, 16 Jul 2024 14:05:42 GMT )
İyul 16, 2024 18:05 Asia/Baku
  • Tramp-ın həyatına qarşı sui-qəsd nədən xəbər verir?

Amerikada siyasi zorakılıq pik həddə çatıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniya ştatında tərəfdarları qarşısında çıxışı zamanı güllələnməsi supergüc dövlətin daxili siyasətini silkələdi.

Trampın güllələnməsi hadisəsi, xüsusilə 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının ABŞ Konqresinə hücumundan sonra son illərdə Birləşmiş Ştatlarda siyasi zorakılığın artmasının başqa bir simvolu kimi qəbul edilə bilər.

ABŞ prezidenti Co Bayden rəqibi Donald Trampın mitinqdə sui-qəsdə məruz qalmasından sonra ABŞ-da belə zorakılığa yer olmadığını deyib. Bir çox keçmiş və indiki Amerika rəsmiləri, eləcə də xarici rəsmilər də bu hadisəni pisləyiblər.

Trampın uğursuz sui-qəsd cəhdinə reaksiya olaraq keçmiş ABŞ prezidenti Barak Obama X-də yazıb: “Bizim demokratiyada siyasi zorakılığa qətiyyən yer yoxdur”.

Amerika tarixinə nəzər salanda hər kəsə aydın olur ki, siyasi xadimlər və liderlər, eləcə də ictimai fəallar bu ölkədə həmişə siyasi zorakılıq və terrorun hədəfi olublar. Bu məsələnin bariz nümunəsi 1963-cü ilin noyabrında Dallasda o vaxtkı Amerika prezidenti Con Kennedinin öldürülməsi, 1968-ci ilin iyununda Los-Ancelesdə Demokratlar Partiyasının namizədi Robert Kennedinin qətli və Martin Lüter Kinqin öldürülməsidir. Ona görə də Donald Trampın sui-qəsdə məruz qalması heç də görünməmiş hadisə deyil.

Digər tərəfdən, Amerika cəmiyyəti, xüsusilə 2021-ci ilin yanvarında Konqresə hücum hadisəsindən sonra siyasi-ideoloji fikir ayrılıqlarının alovlandığı bir dövrü yaşayır. Co Bayden və Donald Tramp arasında keçirilən seçki rəqabətində iki rəqib bir-birinin ünvanına sərt ittihamlar səsləndirir və rəqiblər bir-birini ABŞ-ı məhv etmək cəhdində ittiham edirlər.

Belə alovlu və gərgin bir vəziyyətdə ifrat fikirlərə malik olan bir şəxsin həm sağdan, həm də soldan silah çəkib seçki namizədinə sui-qəsd etməsi heç də təəccüb doğurmamalıdır.

Bu kontekstdə deyilməli olan başqa bir məsələ də Donald Trampın bu hadisəni şişirdərək, rəğbət qazanmaq və son nəticədə Amerika vətəndaşlarının səsini qazanmaq məqsədi ilə bu hadisədən fürsət kimi faydalanmasıdır. Belə ki, bu hadisə Respublikaçıların Ağ Evə qayıtma şanslarını artıracaq.

Ümumiyyətlə, çox güman ki, Trampın güllələnməsi hadisəsindən sonra müxtəlif ştatlarda onun tərəfdarlarının sayı artacaq və bu, onun 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlmək şansını artıracaq.