Azərbaycan Respublikasında dərman inhisarçılığı
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində yenilik olacaq. Belə ki, Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iyulun 4-də keçirilən iclasında "Dərman vasitələri haqqında" Qanunda dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Qanuna dəyişikliklərdə əsas məqsəd dərman vasitələrinin çeşidinin artırılması və əlçatanlığın təmin olunmasıdır.
"Mövcud qanunvericiliklə Tarif Şurası tənzimlədiyi qiymət konkret qiymət idi. Tənzimlənən qiymət onu aşağı və yuxarı həddini müəyyən etməyə imkan vermirdi. Yeni qanun layihəsinə əsasən, dərman vasitələrinin yuxarı həddi müəyyən edilib. Yəni, dərmanların qiymətini aşağı da salmaq mümkün olacaq. Bir sözlə, qanuna dəyişikliklərlə dərmanların çeşidləri artır, dərmanların qiymətinin aşağı həddə salınması sərbəstləşir. Çeşidin artması rəqabətin yüksəlməsinə səbəb olacaq və bu da qiymətlərdə ucuzlaşmaya gətirib çıxaracaq", Səhiyyə nazirinin müavini deyib.
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Tarif Şurası dərmanların qiymətlərini tənzimləyəndən dərman bazarında vəziyyət pisləşib. Ekspertin sözlərinə görə, bu dərman bazarında inhisarçı şirkətlərin yaranmasına gətirib çıxardıb.
"Tarif Şurasının mövcud məsələyə qarışması, qiymətqoyma siyasətində iştirak etməsi doğru deyildi. Nəticədə tənzimlənmə siyasəti ölkədə irili-xırdalı dərman şirkətinin iflasa uğratdı. Beləcə, bazardan çıxmasına səbəb oldu. Eyni zamanda bir neçə iri inhisarçı şirkətin yaranmasına rəvac verdi. Bu da bir sıra maraqlara xidmət etdi", Natiq Cəfərli deyib.
“Dövlətin dərman bazarını tənzimləməsi qiymət deyil, keyfiyyət, insan sağlamlığına nəzarətdən asılı olmalıdır. Bazarı da tam açmaq lazımdır”,- deyən iqtisadiyyatçı ekspert sözlərinə belə davam edinb: Onlarla, yüzlərlə şirkət fəaliyyət göstərməlidir. Qanunlar çərçivəsində kim istəsə, Azərbaycana dərman preparatı gətirməlidir. Bu rəqabət nəticəsində də qiymət düşəcək. Hökumətin görməli olduğu işlərdən biri də dərman preparatlarına tətbiq olunan 18 faiz Əlavə Dəyər Vergisinin (ƏDV) ləğv edilməsidir. Dərman istehsal etmiriksə, niyə ölkəyə gələn hər preparatın üzərinə 18 faiz vergisi qoyuruq?! Dövlət bu problemləri həll etsə, dərman bazarında normallaşma prosesinin şahidi ola bilərik" - deyə Natiq Cəfərli bildirib.