Bəqai: İran və Amerika nümayəndə heyətləri ayrı-ayrı zallarda yerləşiblər
https://parstoday.ir/azeri/news/iran-i10774-bəqai_İran_və_amerika_nümayəndə_heyətləri_ayrı_ayrı_zallarda_yerləşiblər
İran və ABŞ arasında dolayısı danışıqların ikinci raundu zamanı Xarici İşlər Nazirliyinin mətbuat katibi ezam olunmuş jurnalistlərə bu danışıqların necə aparıldığı və qarşıdakı proses haqqında məlumat verib.
(last modified 2025-04-26T07:10:51+00:00 )
Apr 19, 2025 13:44 Asia/Baku
  • Bəqai: İran və Amerika nümayəndə heyətləri ayrı-ayrı zallarda yerləşiblər

İran və ABŞ arasında dolayısı danışıqların ikinci raundu zamanı Xarici İşlər Nazirliyinin mətbuat katibi ezam olunmuş jurnalistlərə bu danışıqların necə aparıldığı və qarşıdakı proses haqqında məlumat verib.

 

İran və Amerika nümayəndə heyətləri arasında danışıqların dolayı xarakter daşıdığını vurğulayan İsmayıl Bəqai deyib: “Təxminən bir saatdır ki, Oman səfirinin iqamətgahında İran İslam Respublikası ilə ABŞ arasında dolayı danışıqlar aparılır. Bu danışıqlar Omanın Xarici İşlər nazirinin iştirakı ilə keçiriləcək.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi daha sonra bildirib: “Danışıqların aparılması üsulu hələ də birinci raunddakı kimidir və iki nümayəndə heyəti ayrı-ayrı zallarda yerləşib. Bu gün Oman Xarici İşlər naziri sıx bir iş günü keçirib, davamlı olaraq iki heyət, yəni İran İslam Respublikasının Xarici İşlər naziri və Amerika tərəfi arasında mesajlar çatdırmaq üçün gedib-gəlib.”

Bəqai İran və Oman xarici işlər nazirləri arasında keçirilən görüşə toxunaraq deyib: “Dolayı danışıqlar başlamazdan əvvəl, həmişə olduğu kimi, Omanın Xarici İşlər naziri ilə görüşümüz oldu və necə davam edəcəyimizi müzakirə etdik. Müzakirələr və ya danışıqlar, birinci raund kimi, dolayı yolla Omanın vasitəçiliyi ilə aparılır.”

Xarici İşlər Nazirliyinin sözçüsü bəzi KİV-lərin İran-ABŞ danışıqları ilə bağlı düzgün olmayan xəbərlər yayması ilə bağlı suala cavab olaraq deyib: “Bu gözlənilməz deyil. Artıq hər cür saxta xəbərlərin və yalan hekayələrin istehsalı ilə üzləşmişik. Həm Xarici İşlər Nazirliyi, həm də ölkə mətbuatının nümayəndələri kimi üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyimiz və vaxtında məlumat verə bilməyimiz vacibdir.”