Pezeşkian: Yoxlamalara hazırıq – Zorakılıq və kobudluq qəbuledilməzdir
(last modified Sat, 07 Jun 2025 13:06:17 GMT )
İyun 07, 2025 17:06 Asia/Baku
  • Pezeşkian: Yoxlamalara hazırıq – Zorakılıq və kobudluq qəbuledilməzdir

 İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian vurğulayıb: "Biz yalnız Uca Allaha baş əyirik, qeyrisinə deyil. Heç vaxt qəbul etmərik ki, başqaları bizim millətimizin gələcəyi və taleyi barədə qərar versin. İran həmişə məntiqli dialoqa açıqdır, lakin zorakılıq və təzyiqə boyun əyməz."

 

Pezeşkian bu sözləri bu gün, şənbə günü Qazaxıstanın Baş nazir müavini və xarici işlər naziri Murad Nurtleu ilə görüşündə səsləndirib. O, Qurban bayramı münasibətilə təbriklərini çatdıraraq, bu bayramın İslam ölkələri arasında əməkdaşlığın və dostluğun gücləndirilməsi üçün fürsət olduğunu bildirib.Prezident əlavə edib:"Bəzi dairələrin İranın dinc nüvə proqramı ilə bağlı bəhanələr gətirməsi yersizdir. Biz dəfələrlə bildirmişik və əmələn sübut etmişik ki, nə indi, nə də keçmişdə nüvə silahı və ya kütləvi qırğın silahları əldə etmək niyyətimiz olmayıb."O, qeyd edib:"İranın nüvə fəaliyyəti tam şəffafdır və bu məsələ Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən dəfələrlə təsdiq olunub. Biz yoxlamalara tam hazırıq. Eyni zamanda, xalqların elmə, texnologiyaya və həyati əhəmiyyət daşıyan sahələrdə irəliləyişlərə çıxışının əngəllənməsini qəbuledilməz hesab edirik. Bu, insanları ilahi nemətlərdən məhrum etməkdir və bu, qəbul edilə bilməz."

Pezeşkian vurğulayıb ki, İran və Qazaxıstan arasında mədəni, tarixi və ortaq baxışlar mövcuddur və İran bütün sahələrdə ikitərəfli əlaqələri genişləndirməyə hazırdır. O, əlavə edib: "Biz bölgədə və dünyada sülh, təhlükəsizlik və rifah naminə aydın gələcək qurmaq üçün ortaq iradə ortaya qoymalıyıq."

Öz növbəsində, Murad Nurtleu Prezident Pezeşkianla görüşdən məmnunluğunu ifadə edib və İran xalqını Qurban bayramı münasibətilə təbrik edib. O, Qazaxıstanın İranla siyasi, iqtisadi və regional sahələrdə əlaqələri gücləndirməkdə qətiyyətli olduğunu bildirib və ümidvar olduğunu söyləyib ki, birgə əməkdaşlıqla münasibətlər yeni bir inkişaf mərhələsinə keçəcək.

Sonda Nurtleu, Qazaxıstan Prezidentinin yazılı məktubunu Pezeşkiana təqdim edərək, bu mesajın iki ölkə arasında yeni bir əməkdaşlıq dövrünün başlanğıcı* olacağına ümid etdiyini bildirib.