Prezident Pəzeşkiyan: Düşmən ağır və tarixi bir cəzaya məruz qaldı.
(last modified Wed, 25 Jun 2025 11:22:17 GMT )
İyun 25, 2025 15:22 Asia/Baku
  • Prezident Pəzeşkiyan: Düşmən ağır və tarixi bir cəzaya məruz qaldı.

Prezidenti Məsud Pezeşkiyandan İran xalqına müraciət: Bu tarixi qələbənin bütün şərəfi böyük və sivilizasiyaya sahib İran xalqına aiddir

 

Bismillahir-Rəhmanir-Rəhim

 

İslam İnqilabının banisi İmam Xomeyninin və İranın əziz şəhidlərinin ruhuna salam və rəhmət diləyir, ölkə rəhbərinə sağlamlıq və uzun ömür arzulayıram.

 

Əziz həmvətənlərim, qeyrətli və şanlı İran xalqı!

Bu gün sizin qəhrəmanlıqla göstərdiyiniz müqavimət nəticəsində sionist rejimin macərapərəstliyi və müharibəyə səbəb olan təxribatları ilə İrana zorla qəbul etdirilən 12 günlük müharibənin atəşkəslə başa çatdığının şahidi oluruq. Bu müddət ərzində dünya, xalqının dəstəyi ilə ayaqda duran böyük İranın gücünü seyr etdi. Müharibəyə başlayan terrorçu düşmən olsa da, onun sonunu İran xalqının iradəsi və qətiyyəti müəyyən etdi.

 

Bu terror hücumları, İranın diplomatik yolla anlaşmazlıqları aradan qaldırmaq üçün danışıqlarda iştirak etdiyi bir vaxtda, əsassız və təkrarlanan bəhanələrlə başladı. Dünyanın gözü qarşısında İran tərəfinin vahid mövqeyinə qarşı, qarşı tərəfdə ziddiyyətli və uyğunsuz davranışlar müşahidə olunurdu. İran xalqının düşmənləri danışıqlar zamanı belə, təcavüzə əl atmaqla tarix qarşısında xəyanətə imza atdılar.

 

Bu gün düşmən müharibəni dayandırmağa məcbur oldu, amma ağır və tarixi cəza ilə qarşılaşdı. Bəli, bəzi vətəndaşlarımızın, qadın, uşaq, alim və hərbi komandanlarımızın həyatını itirməsi və bəzi infrastrukturun zərər görməsi bizim üçün böyük itki oldu. Lakin düşmənin çəkdiyi zərər, bütün media senzurasına baxmayaraq, təsəvvür ediləndən də artıqdır. Onların əsas hədəfləri məhv edilməsi, elmi inkişafın qarşısının alınması və sosial qarışıqlıqlar yaratmaq tam uğursuzluqla nəticələndi. Əvəzində isə sionist rejimin «məğlubedilməzlik» mifinin dağılması və işğal olunmuş ərazilərdə mühüm mərkəzlərin geniş miqyasda dağıdılması bütün dünyaya bu mesajı verdi: İranla qarşıdurmanın bədəli çox ağırdır.

 

Böyük İran xalqı!

 

Biz bu qələbəni sizin birliyinizə və əzmkarlığınıza borcluyuq. Bu dövrdə yaranmış həmrəylik və sabitlik ölkəmizin ən böyük sərvəti oldu. Bu tarixi uğur, sizin kimliyinizə və keçmişinizə bağlılığınızın sübutudur. Düşmən əgər bir az tarixdən dərs alsaydı, belə bir səhvə yol verməzdi. Bu gündən etibarən birlikdə daha güclü İran üçün birgə çalışacaq, daha parlaq sabaha doğru irəliləyəcəyik.

 

Mən, İran xalqının bir xidmətçisi olaraq, bu şanlı günlərdə xalqımıza minnətdarlığımı bildirirəm. Xüsusilə, Silahlı Qüvvələrimizin igid əsgərlərinə, İslam İnqilabı Keşikçiləri Korpusu, hüquq-mühafizə qüvvələri, Bəsic qüvvələri, Kəşfiyyat və Müdafiə nazirlikləri eləcə də yanğınsöndürənlərə, Qırmızı Aypara Cəmiyyətinə, tibb işçilərinə, xidmət sahələrinin işçilərinə, media nümayəndələrinə, sənətçilərə, idmançılara və siyasi-sosial fəallara dərin təşəkkürümü bildirirəm.

 

Bütün dövlət qurumları və inqilabi təşkilatlar bu gündən etibarən zərər çəkmiş bölgələrin bərpasına və zərərin aradan qaldırılmasına yönəlmiş fəaliyyətlərə başlayacaq. Bu tarixi imtahandan nəticə çıxararaq, zəif və güclü nöqtələr müəyyən ediləcək, ölkənin tam hazırlıq vəziyyəti qorunacaq və gündəlik həyatın normallaşması istiqamətində tədbirlər görüləcək.

 

Qonşu və region ölkələrinə də səslənirəm: Biz birgəyaşayışa və sabitliyə dərin inam bəsləyirik. İranın hərbi gücü həmişə müsəlman qardaşlar və qonşularla dostluq və sülh yolunda olub və olacaq. Qoy bizim müdrikliyimiz, düşmənlərin aramıza nifaq salmaq planlarını puça çıxarsın.

 

İnşallah.