Newsweek-in İran-Rusiya dəniz təlimləri barədə məqaləsi və Amerikaya mesajı
Amerikanın Newsweek jurnalı bir məqaləsində İran və Rusiyanın Xəzər dənizində keçirdiyi birgə hərbi-dəniz təlimlərinə toxunaraq, bu təlimin Tehran-Moskva əməkdaşlığının gücləndiyini göstərmək və ABŞ-yə mesaj vermək məqsədi daşıdığını qeyd edib.
İRNA-nın bu Amerika nəşrinə istinadən verdiyi bazar ertəsi günkü məlumata görə, İran və Rusiya ABŞ-yə qarşı bir çağırış olaraq Xəzər dənizində birgə dəniz təlimlərinə başlayıblar. Bu təlimlər bu gündən başlayaraq üç gün davam edəcək.
Newsweekin analitiki bu təlimi, İsrailin İranın nüvə obyektlərinə hücumundan bir neçə həftə sonra İran və Rusiya silahlı qüvvələrinin əməkdaşlığını ABŞ-yə mesaj kimi şərh edib. Yazı müəllifinin fikrincə, Tehran İsraillə 12 günlük qarşıdurmadan sonra hərbi imkanlarını gücləndirmək və Rusiya ilə Çin tərəfindən dəstək almağa çalışır.
Jurnalın analitiki, həmçinin, keçən həftə İranın xarici işlər naziri Abas Əraqçinin Şanxay Əməkdaşlıq Təşkilatının təhlükəsizlik forumunda iştirak etmək üçün etdiyi səfərə də istinad edib. Əraqçi burada Rusiya və Çin rəsmiləri ilə görüşlərində Vaşinqtonun hərbi hərəkətlərinə qarşı birgə mövqe və daha çox strateji əməkdaşlıq tələb edib.
Newsweek sonda qeyd edir ki, İran və Rusiya bu ilin əvvəlində birgə təlimləri, texnologiya mübadiləsini və ortaq təhdidlərə qarşı koordinasiyanı əhatə edən bir müdafiə sazişi çərçivəsində münasibətlərini daha da gücləndiriblər.