Arif: İranın Avrasiya İttifaqına daimi üzvlüyü 14-cü hökumətin əsas strateji məqsədidir
İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmmədrza Arif Qırğızıstana səfəri ərəfəsində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Avrasiya İqtisadi İttifaqının Baş nazirlər toplantısında iştirak və çıxış etmək bu iki günlük səfərinin əsas məqsədlərindəndir. O vurğulayıb ki, qonşu ölkələrlə, xüsusilə Avrasiya regionu ilə əlaqələrin inkişafı İranın, xüsusilə 14-cü hökumətin əsas prioritetlərindən biridir.
Arif İran ilə region ölkələri, o cümlədən Avrasiya İttifaqı arasında mövcud olan dərin tarixi və mədəni ortaq dəyərlərə toxunaraq bildirib: “Bu ortaq xüsusiyyətlər bütün sahələrdə əməkdaşlıq səviyyəsinin yüksəldilməsini zəruri edir. Son bir ildə bu istiqamətdə mühüm uğurlar əldə olunub, Avrasiya ilə azad ticarət haqqında qanun yekunlaşıb və sərhəd ticarəti, tranzit və logistika sahələrində əməkdaşlıq artmaqdadır.”
O əlavə etdi ki, hər il keçirilən Baş nazirlər sammitində üzv ölkələrin keçənilki fəaliyyətləri nəzərdən keçirilir və əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılır. Bu ilki toplantı Qırğızıstanda keçiriləcək, çünki bu ölkə hazırda Avrasiya İttifaqının sədrlik missiyasını icra edir. İran isə bu sammitdə nəzarətçi statusunda iştirak edəcək.
Arif bildirib ki, İran ilə Avrasiya İttifaqı arasında əməkdaşlıq prosesi ötən bir il ərzində müsbət və artan templə inkişaf edib. “Biz 14-cü hökumət dövründə İranın bu iqtisadi ittifaqa daimi üzvlüyü üçün hüquqi və inzibati mexanizmlərin hazırlanmasına çalışırıq. Şübhəsiz ki, mədəni və siyasi ittifaqlara üzvlük iqtisadi ittifaqlarla müqayisədə daha asandır. Buna baxmayaraq, əsas strategiyamız İranın Avrasiya İttifaqına daimi üzv olması üçün şərait yaratmaqdır.”
Sonda birinci vitse-prezident qeyd edib ki, sammit çərçivəsində üzv ölkələrin rəsmiləri ilə keçirdiyi ikitərəfli görüşlərdə, regional və beynəlxalq məsələlərlə yanaşı, mövcud razılaşmaların icrası və əlaqələrin dərinləşdirilməsi istiqamətində də danışıqlar aparılacaq.