Şahbaz Şəriflə görüşdə
Pezeşkian: Məkkə razılaşmasını alqışlayırıq
İran İslam Respublikasının Prezidenti Şahbaz Şəriflə görüşündə Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Məkkə razılaşması çərçivəsində həyata keçirdiyi birgə təşəbbüsü İslam dünyasında birliyin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib və bunu alqışlayıb. Pezeşkian deyib: «Ümid edirik ki, regionun digər ölkələri və İslam ölkələri də bu prosesə qoşulacaq və əməkdaşlıqlarını yalnız müdafiə sahəsində deyil, siyasi, iqtisadi və mədəni sahələrdə də genişləndirəcəklər».
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Pezeşkian iki ölkə və iki xalq arasında münasibətlərin və əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edərək, Pakistanın Baş naziri və yüksək səviyyəli nümayəndə heyətinin İranın son hadisələrdə həlak olmuş şəhidlərinin cənazələrinə ehtiram mərasimində iştirakına görə təşəkkür edib.
İran Prezidenti həmçinin son razılaşmanın əldə olunmasına gətirib çıxaran danışıqlarda Pakistan hökumətinin fəal və konstruktiv iştirakını və rolunu yüksək qiymətləndirib. O bildirib ki, İran dost və qardaş Pakistan hökumətinin səyləri nəticəsində əldə olunmuş razılaşmanı həyata keçirməyə hazırdır. Bunun üçün qarşı tərəfin də öz öhdəliklərinə sadiq qalması və razılaşmanı icra etməsi vacibdir.
Pezeşkian qeyd edib ki, İran İslam Respublikasının inanc və mövqeyi ondan ibarətdir ki, bütün regionda sülh və təhlükəsizlik təmin olunmalıdır və insanlar dinindən, məzhəbindən və etnik mənsubiyyətindən asılı olmayaraq müharibə, zorakılıq və qarşıdurmaya cəlb edilməməlidirlər.
O, Məkkə razılaşmasını alqışlayaraq bildirib: «İran İslam Respublikası ilk gündən bu qənaətdə olub ki, əgər İslam ölkələri birləşsə və həmrəy olsalar, sionist rejim İslam ölkələrinə bu qədər asanlıqla hücum etməyə cürət etməyəcək».
Prezident əlavə edib ki, İslam ölkələri daxili fikir ayrılıqlarını və problemlərini həll etmək üçün lazımi potensiala və imkanlara malikdirlər və xarici müdaxiləyə ehtiyac olmadan öz problemlərini və ixtilaflarını dialoq və əməkdaşlıq yolu ilə aradan qaldıra bilərlər.
Pezeşkian Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Məkkə razılaşması çərçivəsində birgə fəaliyyətini İslam dünyasında birliyin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib və bunu alqışlayıb.
O deyib: «Ümid edirik ki, regionun digər ölkələri və İslam ölkələri də bu prosesə qoşulacaq, əməkdaşlıqlarını yalnız müdafiə sahəsində deyil, siyasi, iqtisadi və mədəni sahələrdə də genişləndirəcəklər».
Pakistanın Baş naziri Şahbaz Şərif isə görüşdən məmnunluğunu ifadə edərək deyib: «Müxtəlif görüşlərdə dəfələrlə Sizin səmimiyyətinizi və dürüstlüyünüzü vurğulamışam və Sizinlə dialoq və qarşılıqlı əlaqədən məmnunam».
Şahbaz Şərif iki ölkə arasında diplomatik nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artmasına və məsləhətləşmələrin genişlənməsinə toxunaraq bildirib ki, son aylarda İran və Pakistan arasında qarşılıqlı əlaqələrin, əməkdaşlığın və koordinasiyanın artması çox yaxşı nəticələr verib.
Pakistanın Baş naziri regionda son gərginliklərə və hadisələrə toxunaraq əlavə edib ki, mövcud qarışıqlıq və təhlükəsizlik problemləri təkcə region xalqları üçün deyil, dünyanın milyonlarla insanı üçün də çətinlik və narahatlıqlar yaradıb. Bu vəziyyətə son qoymaq üçün region ölkələrinin daha çox əməkdaşlıq və koordinasiya etməsi zəruridir.
Şərif vurğulayıb: «Biz iki qardaş ölkəyik və öz xalqlarımızın, eləcə də region xalqlarının sülhü, rifahı və xoşbəxtliyi üçün çalışmaq vəzifəmiz var. İran xalqının sevincini və xoşbəxtliyini öz sevincimiz və xoşbəxtliyimiz, İran xalqının kədər və narahatlığını isə öz kədər və narahatlığımız hesab edirik».
Pakistanın Baş naziri Məkkə razılaşmasına da toxunaraq əmin edib ki, bu razılaşma müdafiə xarakteri daşıyır və heç bir ölkəyə qarşı yönəlməyib.
O bildirib: «Bizim məqsədimiz regionda sülh və təhlükəsizliyin təmin olunmasına və region ölkələrinin maraqlarının qorunmasına əmin olmaqdır».
Şərif İran İslam Respublikasının Prezidentinin müsəlmanların birliyinin zəruriliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirərək deyib: «İslam ölkələrinin birliyi ilə bağlı Sizin baxışlarınızı həmişə yüksək qiymətləndirmişəm və bu məsələdə Sizinlə tamamilə razıyam».
Pakistanın Baş naziri dünya ictimaiyyətinin İran İslam Respublikasına verdiyi dəstəyə də toxunaraq bildirib: «Bu gün dünya əhalisinin əksəriyyəti haqqın İran tərəfində olduğunu düşünür. Ümid edirik ki, razılaşma çərçivəsində, dialoq yolu ilə regionda sülh və təhlükəsizliyi təmin edə biləcəyik».