Pezeşkian:
Müharibədən qorxmuruq, sülh üçün danışıqlardan qaçmırıq
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışında bildirib ki, İran heç vaxt müharibəyə başlayan tərəf olmayıb və ölkəsini müdafiə etməkdən çəkinməyəcək. O, eyni zamanda nüvə proqramının dinc xarakter daşıdığını vurğulayaraq, nüvə məsələsinin yalnız diplomatik razılaşma yolu ilə həll edilə biləcəyini deyib.
Özümüzü müdafiə etmək üçün müharibədən qorxmuruq, sülh naminə danışıqlardan da qaçmırıq
Prezident İranın heç vaxt müharibəyə başlayan tərəf olmadığını və hər zaman danışıqlar masasına sadiqliyini nümayiş etdirdiyini bildirərək deyib: Müharibə bizə zorla qəbul etdirildi. Lakin biz sübut etdik ki, özümüzü müdafiə etmək üçün müharibədən qorxmuruq, sülh naminə danışıqlardan da qaçmırıq və əziz İranımızı müdafiə etmək üçün son nəfəsimizədək dayanmışıq.
Məsud Pezeşkian bu gün, çərşənbə günü, 23 sentyabr 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək bildirib: Dünən ABŞ prezidenti İranın terrorçu olduğunu elan etdi. Halbuki biz terrorun qurbanıyıq. Mən liderimizi heç bir qanuni əsas və dəlil olmadan terror etdikləri İrandan gəlirəm. Mən bir məktəbi bombaladıqları İrandan gəlirəm. Minabdakı uşaqlara baxın. Bombalanaraq öldürülən uşaqlara baxın. İsrail və ABŞ öz silahları ilə uşaqlarımızı şəhid etdilər. Uşaqlarımızın heç bir günahı yox idi.
O əlavə edib: Lamird İranın kiçik şəhərlərindən biridir. Uşaqlarımız idman zalında idmanla məşğul olurdular. ABŞ bu idman zalını bir neçə min hissəyə parçalanan kaset bombaları ilə bombaladı. Onlar alimlərimizi, xalqımızı, qadınlarımızı və uşaqlarımızı şəhid etdilər. Terrorçular və terrorizm yetişdirənlər bizə terrorçu damğası vururlar. Biz sadəcə özümüzü müdafiə etdik, terrorçu deyilik.
Pezeşkianın çıxışının davamı:
Biz müdafiə sistemimizi ona görə qurmuşuq ki, heç kim İran şəhərlərinin bombalanmasının cavabsız qalacağını düşünməsin. İranın hərbi gücü müdafiə məqsədi daşıyır. Lakin açıq şəkildə bildiririk ki, ölkəmizi müdafiə etmək üçün heç kimdən icazə almayacağıq.
Biz enerjini inkişaf üçün istəyirik. İllərdir İranın dinc nüvə proqramı haqqında sentrifuq, zənginləşdirmə, sanksiyalar və bomba dili ilə danışırlar. Halbuki nüvə texnologiyası xalqımız üçün inkişaf hüququnun bir hissəsidir.
Nüvə enerjisi xəstələrimiz üçün müalicə, kənd təsərrüfatı üçün ərzaq təhlükəsizliyi, sənaye üçün texnologiya, gələcəyimiz üçün isə dayanıqlı elektrik enerjisidir. İran nüvə biliklərinin bir neçə ölkənin inhisarında olmasını qəbul etmir. İran nüvə silahını təhlükəsizlik amili hesab etmir, lakin elm, sənaye və dinc enerji sahəsində öz hüququndan da imtina etməyəcək.
Açıq şəkildə bildiririk: nə nüvə silahı, nə də nüvə biliklərindən məhrum edilmək. İranın nüvə məsələsi döyüş meydanında həll olunmayacaq. Həll yolu İranın proqramının dinc xarakter daşıdığına dünya üçün etibarlı təminat verən və eyni zamanda İran xalqına öz hüquqlarının qorunacağına zəmanət verən razılaşmadır.
Üçüncü prinsipimiz təhlükəsizlik naminə əməkdaşlıqdır. Biz müharibənin sərhəd tanımadığı və bir ölkədəki böhranın qonşulara yayıldığı bir regionda yaşayırıq. Buna görə də İran qonşularını öz təhlükəsizliyinə rəqib kimi görmür və biz qonşularımızın güclü olmasını istəyirik. Hörmüz boğazının su yolunda hamının ondan istifadə etməsi, eyni zamanda bu su yolunun tarixi keşikçisinin ədalətsiz sanksiyalar bəhanəsi ilə hətta öz sularında istifadə və gəmiçilik azadlığından məhrum edilməsi mümkün deyil.
Bizim yolumuzu bağlayırlar. Halbuki ölkələri məhv etmək üçün silahlar, partlayıcı maddələr, raketlər və enerji daşıyıcıları məhz həmin su yolundan daşınır. Bu, qəbuledilməzdir və belə bir hadisənin təkrarlanmasına imkan verməyəcəyik.
Pezeşkian çıxışının davamında deyib:
Cavabımız gücdür. Çünki özünü müdafiə edə bilməyən xalq bu dünyada əziləcək.
Bu dünyada güclülər xalqı, insanlığı, ədaləti və demokratiyanı düşünmək əvəzinə dağıntı və məhvetmənin səbəbkarına çevrilir, istədikləri hər bir şəxsi terrorçu adı ilə gözdən salırlar.