Paşinyan:
Yeni AES üçün bir neçə ölkə ilə danışıqlar aparırıq
Ermənistanın Baş naziri Nikol Paşinyan Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin başa çatmaq üzrə olduğunu bildirərək, yeni AES-in tikintisi ilə bağlı ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya ilə danışıqlar apardıqlarını açıqlayıb. Bu fonda Azərbaycanın Metsamor AES-in fəaliyyətinin dayandırılması ilə bağlı mövqeyi və gələcəkdə Ermənistanın elektrik enerjisi ilə Azərbaycan və Türkiyə tərəfindən təmin edilə bilməsi məsələsi yenidən gündəmə gəlib.
"Ermənistan Atom Elektrik Stansiyasının istismar müddəti başa çatmaq üzrədir və hazırda növbəti Atom Elektrik Stansiyası ilə bağlı qərar qəbul edirik və bu baxımdan müxtəlif tərəfdaşlarla - ABŞ, Rusiya, Çin, Fransa, Cənubi Koreya ilə danışıqlar aparırıq və yeni Atom Elektrik Stansiyasının tikintisinə başlamaq üçün ən yaxşı təklifi axtarırıq".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən illik Konkordiya Zirvə Toplantısında panel müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, yeni texnologiyalar sayəsində Ermənistanın enerji özünütəminatına nail olmaq üçün yaxşı imkanları var. Ermənistanda enerjinin gələcəyini necə təsəvvür etdiyi soruşulduqda, Paşinyan belə cavab verdi:
"Bilirsiniz, yeni texnologiyalarla Ermənistanın enerji baxımından özünü təmin etmək üçün yaxşı şansı var, çünki bizim böyük günəş ehtiyatımız və günəş enerjisi istehsal güclərimiz var. Onlar çox sürətlə inkişaf edir."
"İndi bizim üçün ən vacib məsələ saxlama imkanlarını yaratmaqdır, çünki indiyə qədər saxlama imkanlarımız yox idi və indi genişmiqyaslı saxlama qabiliyyətinə ehtiyacımız var. Biz bu istiqamətdə çalışırıq". Qeyd edək ki, Azərbaycan Ermənistana elektrik enerjisi verə bilər. Lakin Bakı Metsamor AES-in bağlanmasını tələb edir. Prezident bu yaxınlarda Metsamor məsələsini bir daha vurğuladı. Ermənistan TŞ katibi Alen Simonyan da təsdiq edir ki, gələcəkdə Azərbaycan və Türkiyə bu ölkəyə elektrik enerjisi verə bilər. Bu halda, Paşinyan yeni AES tikintisi üçün ayrı-ayrı ölkələrlə danışıqlara niyə başlayır? Metsamor bölgəyə hansı təhdidi yaradır?