Türkiyənin 2024-cü il dövlət büdcəsində kəsir yaranacaq
(last modified Mon, 22 May 2023 14:13:17 GMT )
May 22, 2023 18:13 Asia/Baku
  • Türkiyənin 2024-cü il dövlət büdcəsində kəsir yaranacaq

Türkiyənin 2024-cü il dövlət büdcəsi 100 milyard dollar kəsirlə hesablana bilər. Bu barədə bazar günü “Sözcü” qəzeti yazır.

“Sözcü” qəzetinə görə, parlamentarilər yay boyu prezident seçkilərindən sonra büdcəni hazırlayıb müzakirə edəcəklər. Onların qarşısında çətin vəzifə durur - həm indiki hakimiyyətin bəziləri həyata keçirilməyə başlayan bütün seçkiqabağı vədlərini, həm də yeni xərcləri nəzərə almalıdırlar.

Cari büdcə təxminən 33 milyard dollar kəsirlə hazırlanıb qəbul edilib: xərclər - 4,47 trilyon lirə (223 milyard dollar), gəlirlər - 3,81 trilyon lirə (190 milyard dollar). Qəzet yazır ki, gözlənildiyi kimi, yeni büdcədə gəlirlər və xərclər arasındakı bu fərq ən azı 2,5-3 dəfə artaraq 100 milyard dollara çatacaq.

Qəzet onu da yazır ki, bu perspektivə səbəb fevral zəlzələlərindən sonra 11 əyalətin bərpası üçün vəsaitin ayrılması zərurətidir ki, bu da müxtəlif hesablamalara görə 35-100 milyard dollar tələb edir.

İyul ayından dövlət qulluqçularının maaşlarının 50% artırılması ilə bağlı hakimiyyətin vədləri dövlət büdcəsinə təsirli bir yük olacaq. Bundan əlavə, təkcə bu ilin sonuna qədər pensiya sistemində edilən dəyişikliklər milyonlarla Türkiyə vətəndaşının pensiya hüququ əldə etməsi üzündən ən azı 11 milyard dollar əlavə olacaq. Dövlət həmçinin növbəti 12 ay ərzində əhaliyə təbii qaz istehlakının dəyərinin bir hissəsini subsidiya edəcəyini vəd edib.

Bu gözlənilməz xərcləri dövlət öz vəsaiti hesabına ödəyə bilməyəcək. Ona görə də büdcə yenidən böyük kəsirlə tərtib olunacaq və hakimiyyət onu kənardan, o cümlədən borc vəsaitləri hesabına örtmək yollarını axtarmalı olacaq. Qəzet həm də yayda milli valyutanın ucuzlaşmasını istisna etmir ki, bu da xəzinənin doldurulmasını daha da çətinləşdirəcək.