Yəmən:
ABŞ-ın İranda toy mərasiminə hücumu tammiqyaslı hərbi cinayətdir
Yəmən İnsan Hüquqları Heyəti İranın cənubundakı Sirik şəhərində toy mərasiminə hücum edən ABŞ terrorçularının törətdiyi hərbi cinayəti qətiyyətlə pisləyib.
Pars Today-nin Tasnim xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın İranın cənubundakı Hörmüzqan əyalətinin Sirik rayonunda toy mərasiminə hücumu və törətdiyi insanlıq əleyhinə cinayətlə bağlı reaksiyalar davam edir. Yəmən Milli İnsan Hüquqları Komitəsi yaydığı bəyanatda bildirib:
“İranda toy mərasiminə hücum edən amerikalı düşmənin vəhşicəsinə törətdiyi, onlarla mülki şəxsin şəhid olması və yaralanması ilə nəticələnən cinayəti qətiyyətlə pisləyirik.
Yəmən Milli İnsan Hüquqları Komitəsi əlavə edib ki, bu vəhşicəsinə hücum tammiqyaslı hərbi cinayət, beynəlxalq humanitar hüququn və dörd Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır. Bu konvensiyalar mülki obyektlərin və təhlükəsiz yaşayış məntəqələrinin hədəfə alınmasını cinayət hesab edir.
Bəyanatın davamında deyilir: “Yəmən Milli İnsan Hüquqları Komitəsi ABŞ-ın bu xain və cinayətkar təcavüzünü qətiyyətlə pisləyir və terrorçu ABŞ hökumətini günahsız insanların qanının tökülməsinə və mülki əhali arasında qorxu və dəhşət yaradılmasına görə məsuliyyət daşıyan tərəf hesab edir.”
Yəmən Milli İnsan Hüquqları Komitəsi həmçinin bu cinayətlə bağlı təcili və müstəqil beynəlxalq araşdırma aparılmasını, eləcə də günahkarların beynəlxalq məhkəmələrdə mühakimə olunaraq cəzalandırılmasını tələb edib. Komitə bu hadisəni insanlıq əleyhinə cinayət və heç bir müddət məhdudiyyətinə tabe olmayan hərbi cinayət kimi qiymətləndirib.
Yəmən qurumu vurğulayıb: “Bu günahsız iranlı vətəndaşların qanı heç vaxt hədər getməyəcək və bu təcavüzdə iştirak edən, onu əsaslandıran və ya ona susqun qalan hər kəsin alnında rüsvayçılıq ləkəsi kimi qalacaq.”
Yəmən Milli İnsan Hüquqları Komitəsi həmçinin xalqların özünümüdafiə, suverenlik və təhlükəsizlik hüququnu vurğulayaraq bildirib: “Mülki şəxslərin hər hansı bəhanə ilə sistematik şəkildə hədəfə alınmasının heç bir əsaslandırması yoxdur. Biz beynəlxalq təşkilatları, Birləşmiş Millətlər Təşkilatını və İnsan Hüquqları Şurasını öz məsuliyyətlərini yerinə yetirməyə, ikili standartlar siyasətindən əl çəkməyə, bu təcavüzü pisləyən və onun təkrarlanmasının qarşısını almağa yönəlmiş aydın bəyanat verməyə çağırırıq.”