Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi
(last modified Tue, 04 Jun 2024 15:40:28 GMT )
İyun 04, 2024 19:40 Asia/Baku
  • Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “xarici agentlər haqqında qanunu” imzaladığını, sənədin artıq qüvvəyə mindiyini bildirib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir”, - Papuaşvili dünən ikindi çağı keçirdiyi brifinqdə deyib.

Bundan əvvəl Gürcüstan parlamenti mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edib.

Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoyub. Dövlət başçısı xüsusilə qanunun qüvvəyə minməsindən sonrakı gün dərhal ləğv edilməsini tələb edib.

Qanun layihəsi qərb dövlətləri tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini xüsusi reyestrdə qeydiyyatdan keçməyə və illik bəyannamə doldurmağa məcbur edir.

Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanan qanun layihəsi ABŞ və Avropa tərəfindən sərt tənqid edilir. Qərb dövlətləri bu qanunun qəbul olunmasına mane olmaq üçün Gürcüstana qarşı açıq-aşkar müdaxiləçi bəyanatlar verdilər, Gürcüstan daxilində bu qanuna qarşı etiraz adı altında iğtişaşlar təşkil etməyə cəhd göstərdilər.