Ermənistan rəhbərliyi Pezeşkiyanı təbrik etdi
Paşinyan Tehranla isti münasibətlərin dərinləşəcəyinə ümid edib
Ermənistanın baş naziri Nikol Paşinyan Məsud Pezeşkiyana İran İslam Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik ünvanlayıb.
Paşinyan Ermənistan hökuməti və xalqı üçün “qardaş İran İslam Respublikası ilə əlaqələrin” xüsusi məna ifadə etdiyini bildirib və yazıb: “Ermənistan və İran arasında isti münasibətlərin daim dərinləşməsi həm ikitərəfli əməkdaşlıq, həm də regional sabitlik və rifah kontekstində xüsusi əhəmiyyət kəsb edir”.
Baş nazir Ermənistan və İran hökumətlərinin əldə olunmuş razılaşmaları həyata keçirəcəyinə, həmçinin bir sıra yeni layihələrə başlayacağına əminliyini ifadə edib.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan da Məsud Pezeşkiyana İran İslam Respublikası prezident seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Əminəm ki, sizin zəngin təcrübəniz və biliyiniz ölkənin gələcək tərəqqisinə və çiçəklənməsinə töhfə verəcək. Ermənistan İran ilə qarşılıqlı hörmət və etimada əsaslanan çoxəsrlik dostluğun ardıcıl möhkəmlənməsinə və dərinləşməsinə önəm verir”.