Ermənistanda Aİ-yə üzvlük referendumu dəstəklənir
(last modified Sun, 10 Nov 2024 13:07:30 GMT )
Noy 10, 2024 17:07 Asia/Baku
  • Ermənistanda Aİ-yə üzvlük referendumu dəstəklənir

Ermənistan Mərkəzi Seçki Komissiyası Avropa İttifaqına daxil olmaq üzrə referendumun keçirilməsi təşəbbüsünü dəstəkləmək üçün kifayət qədər imza toplandığını bildirib.

 

Bu məlumata əsasən, Təşəbbüs Qrupu cəmi 50 000 imza təqdim etməli idi və düzgün imzaların sayı bu rəqəmi keçib.

İmzaların toplanması sentyabrın 16-da başlayıb və konstitusiyada nəzərdə tutulmuş iki aylıq müddət ərzində noyabrın 14-dək elektron formatda davam edəcək. Təşəbbüsə qərbyönlü siyasi qrupların yaratdığı “Demokratik Qüvvələrin Platforması” rəhbərlik edir.

Xatırladaq ki, MSK təqdim olunan imzaları etibarlı sayarsa, referendumun keçirilməsi məsələsi parlamentdə müzakirə olunacaq və nəticədə deputatlar qanun layihəsini təsdiqləsələr, referendum baş tutacaqdır.

Dörd qərbyönlü partiya onun yaxın aylarda keçirilməsini təklif edir.

Hakim “Mülki Müqavilə” fraksiyasının deputatları vaxtaşırı bəyan edirlər ki, referendum Ermənistanın Aİ-yə inteqrasiyasında ilk deyil, yekun addım olmalıdır.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan da referendum təşəbbüsünə münasibət bildirib və xatırladıb ki, o, hələ Avropa Parlamentində ölkəsinin Aİ-yə yaxınlaşmağa hazır olduğunu şəxsən ifadə edib.

“Lakin Referendumun keçirilməsi ilə bağlı əsas məsələ odur ki, Aİ-nin bizi qəbul etməyə hazır olub-olmaması sualına cavabım yoxdur. İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Mən bu suala cavab verə bilmərəm”, - deyə baş nazir vurğulayıb.