Hacıyev: Azərbaycan və İran ortaq tarixi keçmişə malikdir
(last modified Mon, 19 May 2025 05:07:50 GMT )
May 19, 2025 09:07 Asia/Baku
  • Hacıyev: Azərbaycan və İran ortaq tarixi keçmişə malikdir

Azərbaycan prezidentinin köməkçisi bəyan edib ki, Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməli və gücləndirməlidir.

 

Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelində etdiyi çıxışında deyib: “Biz müxtəlif formatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İranla əməkdaşlıq edirik. Çünki islam həmrəyliyi prinsipi bizim üçün vacibdir”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə İran ortaq tarixi keçmişə malikdir və iki ölkə birlikdə tərəfdaşlıq üçün modellər yaradıb inkişaf etdirə bilər. Ona görə də kimlərinsə bizim üçün nizam yaratmasına imkan verməməliyik, özümüz firavanlıq, inkişaf haqqında düşünməliyik.

Prezidentin köməkçisi, həmçinin Fələstinlə bağlı suala cavabında qeyd edib: “İslam Əməkdaşlıq Təşkilatı mövcud olan ən mühüm təsisatlardan biridir. Azərbaycan da ədalətə və beynəlxalq hüquqa əsaslanan islam həmrəyliyini dəstəkləyir. Biz Fələstin məsələsinim BMT-nin qərarları və qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik”.

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə də münasibət bildirən prezidentin köməkçisi vurğulayıb: “İndi sülh üçün münbit şərait vardır. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlər - xüsusilə hərbi təcavüz və işğal gündəlikdən çıxarılıb. İşğala hərbi-siyasi vasitələrlə son qoyulub. Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir”.

O, sonra Azərbaycanın sülh üçün şərtləri barədə bunları deyib: “Biz bilirik ki, Konstitusiya hər bir olkənin daxili işidir, bir şərtlə ki, başqa ölkə üçün təhlükə yaratmasın ərazi iddiaları olmasın. Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiası hələ də var və bu müddəa çıxarılmalıdır”.