Əliyev: Zəngəzur İran üçün təhdid deyil
https://parstoday.ir/azeri/news/azerbaijan-i12482-Əliyev_zəngəzur_İran_üçün_təhdid_deyil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin İran üçün heç bir təhdid yaratmadığını və əksinə, bu dəhlizin regional əməkdaşlıqların genişlənməsinə imkan yaradacağını bildirib.
(last modified 2025-08-30T06:38:22+00:00 )
Avq 28, 2025 10:42 Asia/Baku
  • Əliyev: Zəngəzur İran üçün təhdid deyil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin İran üçün heç bir təhdid yaratmadığını və əksinə, bu dəhlizin regional əməkdaşlıqların genişlənməsinə imkan yaradacağını bildirib.

 

İlham Əliyev, Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə Zəngəzur dəhlizinin İran üçün heç bir təhlükə yaratmadığını və bu dəhlizin əksinə olaraq, regional əməkdaşlıqların inkişafına töhfə verə biləcəyini vurğulayıb. O, qeyd edib: "İran və Azərbaycan arasında əlaqələr dövlətlər, prezidentlər və xarici işlər nazirləri səviyyəsində müəyyən edilir və biz yayılan yanlış təbliğatlara əhəmiyyət vermirik. Bizim mövqeyimiz aydın və məntiqlidir: Zəngəzur dəhlizi heç bir halda İran üçün təhdid deyil."

 

Əliyev, həmçinin Zəngəzur dəhlizinin ikili rolunu qeyd edərək bildirib: "Zəngəzur dəhlizi yalnız Şərq-Qərb marşrutu deyil, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi kimi də fəaliyyət göstərə bilər. Rusiyadan İrana doğru keçən bir yolun əvəzinə, Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və sonra İrana uzanan yeni bir yol yaradılacaq. Bu, bütün region üçün faydalı olacaq və hər kəs üçün qazanc mənbəyi yaradacaq, heç kim itirən tərəf olmayacaq."