Azərbaycanlı dənizçilər arasında ölən və yaralananlar var
https://parstoday.ir/azeri/news/azerbaijan-i14368-azərbaycanlı_dənizçilər_arasında_ölən_və_yaralananlar_var
Sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisinə dron hücumu nəticəsində 2 Azərbaycan vətəndaşı həlak olub, 2 nəfər isə yaralanıb. Yaralılar Ukraynanın Çernomorsk şəhərində xəstəxanaya yerləşdirilib.
(last modified 2026-09-10T11:20:22+00:00 )
Sen 10, 2026 15:17 Asia/Baku
  •  Azərbaycanlı dənizçilər arasında ölən və yaralananlar var

Sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisinə dron hücumu nəticəsində 2 Azərbaycan vətəndaşı həlak olub, 2 nəfər isə yaralanıb. Yaralılar Ukraynanın Çernomorsk şəhərində xəstəxanaya yerləşdirilib.

9 sentyabr tarixində Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.

 

"Hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir.

 

"Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq", - deyə nazirlikdən bildirilib.

 

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırıb.