Ramiz Mehdiyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i14412-ramiz_mehdiyevin_cinayət_işi_bakı_ağır_cinayətlər_məhkəməsinə_göndərilib
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başlanmış cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi bildirilir. Məlumata görə, iş hakim Murad Aslanovun icraatına veriləcək. Cinayət işi üzrə Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxsdir.
(last modified 2026-09-16T06:49:20+00:00 )
Sen 16, 2026 10:46 Asia/Baku
  • Ramiz Mehdiyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başlanmış cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi bildirilir. Məlumata görə, iş hakim Murad Aslanovun icraatına veriləcək. Cinayət işi üzrə Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxsdir.

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi bildirilir.

 

Məlumata görə, iş hakim Murad Aslanovun icraatına verilməlidir. Cinayət işi üzrə Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxsdir.

 

Hökumətyönlü medianın yazdığına görə, istintaq zamanı Mehdiyevin PA-ya rəhbərlik etdiyi dövrdə Prezident Katibliyinin rəisi olmuş politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Baku Steel Company”nin sahibi Rasim Məmmədov şahid qismində dindirilib.

Onların məhkəmə prosesində də şahid kimi ifadə verəcəyi gözlənilir.

İşdə diqqətçəkən məqamlardan biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlıdır.

 

“Gününsesi.info”nun məlumatına görə, Kərimli barəsində cinayət işi Ramiz Mehdiyevin işindən ayrı icraata verilsə də, onun adı Mehdiyevə qarşı ittiham aktında şahid kimi göstərilib.

 

İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin Mehdiyevin məhkəməsində dindirilib-dindirilməyəcəyinə məhkəmə qərar verməlidir.

 

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

 

Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Sonradan ev dustaqlığının müddəti bir neçə dəfə uzadılıb.

 

Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

 

Onun və keçmiş köməkçisi Eldar Əmirovun ittihamlara münasibəti ictimaiyyətə açıqlanmayıb.

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də işlə bağlı açıqlama yayıb. Açıqlamada Ramiz Mehdiyevlə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasovun, AXCP sədri Əli Kərimlinin, partiyanın Məclis üzvü Məmməd İbrahimin və digər şəxslərin də adları çəkilib.

 

DTX iddia edir ki, həmin şəxslərdən bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib.

 

Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsdədirlər. Onlar dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar.

 

Hər iki şəxs ittihamları qəbul etmir, cinayət işini qurama və siyasi sifarişli hesab edir.

 

Onların işi üzrə istintaqın tamamlanıb-tamamlanmadığını dəqiqləşdirmək mümkün olmayıb.