İyun 15, 2024 13:07 Asia/Baku
  • Bağlanan iş yerləri açılan iş yerlərini üstələyir

Azərbaycan Respublikasında bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələyir. Bu barədə deputat Razı Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.

 

“Büdcəmiz ildən-ilə artır, hesabatlar günü-gündən gözəlləşir, rəng çalarları daha cəzbedici olur, amma real həyatımızda gördüyüm sosial dəyişiklik zəifdir. Əgər işsizliklə bağlı ayda yüz nəfər müraciət edirdisə, indi o rəqəm daha da çoxdur”,-Razi Nurullayev deyib.

Deputat sosial xidmətlərlə bağlı işi isə qeyri-qənaətbəxş hesab edib. O bu sahədə çalışanların xalqa ürəyi yanmadığını deyib:

“Əgər hər şey gözəldirsə, hər şey yaxşıdırsa, niyə şikayətlər azalmır, daha da çoxalır? Belə çıxır ki, büdcə vəsaitlərini xərcləyən bir sıra icra qurumları vəzifəsinin öhdəsindən gəlmir, vəsaiti yəqin ki, başqa məqsədlərə yönəldir, narazılıqların azaldılması üçün konkret addımlar atmır, vəzifə borcunu minnətlə yerinə yetirir, vətəndaşların haqlı müraciətlərinə laqeyd yanaşır və konkret olaraq nələrsə umur”,-Deputat bildirib.

R.Nurullayev ölkədə iş yerlərinin açılması barədə məlumatların şişirdildiyi və bağlanan iş yerləri barədə isə heç nə deyilmədiyini tənqid edib:

“İş yerlərinin açılması ilə bağlı duzlu-istiotlu hesabatlar açıqlanır, bəs bağlanan iş yerləri? Bağlanan şirkətlər, küsüb kənara çəkilən adamlar xeylidir və aldığım məlumatlara söykənib demək istəyirəm ki, bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələməyə başlayıb. Bunun cavabı varmı?

Deputat Büdcə xərclərinin səmərəlilik faizinin zəif olduğunu deyib və nəzarət və monitorinq mexanizmlərinin əsaslı şəkildə təkmilləşdirilməsinə çağırıb.

Teqlər