G7 sammitinin İranla bağlı iddiaları rədd edildi
Xarici İşlər Nazirliyinin sözçüsü Kanadada keçirilən G7 sammitinin xarici işlər nazirlərinin iclasının yekun bəyanatında İran İslam Respublikasına qarşı irəli sürülən ittihamları əsassız, məsuliyyətsiz və tamamilə rəddolunan adlandırıb.
Bəqayi qeyd edib ki, G7 sammitinə üzv ölkələrin ABŞ və üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrini bərpa etməyə yönəlmiş qeyri-qanuni addımını dəstəkləməsi və məsuliyyətsiz mövqelərini təkrarlaması beynəlxalq hüququn açıq şəkildə pozulmasına haqq qazandırmaq cəhdidir və bu addımın qeyri-qanuni mahiyyətini dəyişə bilməz.
O, ABŞ və sionist rejimin İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi hərbi hücumları xatırlayaraq, G7 sammitinin Tehrandan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq tələbini riyakarlıq və daxili işlərə müdaxilə kimi qiymətləndirib. Bəqayi bildirib ki, ABŞ-ın birtərəfli şəkildə razılaşmadan çıxması, İranın dinc infrastrukturlarına qarşı hərbi hücum olmasının əsas səbəbidir. Üç Avropa ölkəsi də Vaşinqtona tabe olaraq öhdəliklərini yerinə yetirməməklə sazişin kobud şəkildə pozulmasına səbəb olub.
Bəqayi G7 sammitinin Fələstinlə bağlı mövqeyini də məsuliyyətsiz və “xalqın öz müqəddəratını təyin etmə hüququ və soyqırımın qarşısının alınması ilə bağlı beynəlxalq öhdəliklərə zidd” adlandırıb. O vurğulayıb ki, bu ölkələrin sionist rejimə verdiyi dəstək onların insan haqları ilə bağlı iddialarını tamamilə etibarsız edib.
XİN sözçüsü həmçinin G7 sammitinin İranın Ukrayna münaqişəsindəki rolu ilə bağlı iddialarını da rədd edərək qeyd edib: İran İslam Respublikasının prinsipial mövqeyi müharibəyə qarşı çıxmaq və problemlərin dialoq və siyasi yollarla həllinə üstünlük verməkdən ibarətdir. O əlavə edib ki, ittiham irəli sürən tərəflər başqalarını günahlandırmaq əvəzinə, qlobal sülh və təhlükəsizliklə bağlı səhv siyasətlərinə yenidən baxmalıdırlar.