İran ABŞ-nin Venesuela hava məkanının bağlanması ilə bağlı qərarını pislədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidentinin Venesuela hava məkanının bağlanmasını elan etməsini beynəlxalq hüququn, o cümlədən beynəlxalq hava nəqliyyatını tənzimləyən fundamental qayda və normaların kobud şəkildə pozulması kimi qiymətləndirib və bu addımı pisləyib.
Bəqayi 2025-ci il noyabr ayının 29-u, şənbə gecəsi verdiyi açıqlamada bildirib ki, ABŞ-nin bu qərarı həmin ölkənin Venesuelanın milli suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli və qeyri-qanuni addımlarının davamıdır. O, bunu özbaşına atılmış addım, beynəlxalq mülki aviasiyanın təhlükəsizliyi və təhlükəsiz uçuşların təminatı üçün misilsiz təhdid adlandıraraq, bu qərarın hüququn aliliyi, beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.ABŞ Prezidenti Donald Tramp şənbə günü yerli vaxtla yayımladığı mesajda Venesuelanın və onun ətraf ərazilərinin bütün hava məkanının bağlı hesab edilməli olduğunu bəyan edib.