İran və Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
https://parstoday.ir/azeri/news/iran-i13748-İran_və_azərbaycan_arasında_anlaşma_memorandumu_imzalanıb
Bakıda İran və Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.
(last modified 2026-02-24T06:05:14+00:00 )
Fev 24, 2026 10:05 Asia/Baku
  • İran və Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb

Bakıda İran və Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.

Bakıda İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.

İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin və Azərbaycan Respublikası  baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Bu barədə İran tele-radio xəbər agentiliyi məlumat yayıb.

İran və Azərbaycan arasında yeni Anlaşma Memorandumu imzalandı

 

İclasda İran və Azərbaycan arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb. İki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, su, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Baş nazirin müavini Şahin Mustafayev çıxışında qeyd edib ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur. Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.

Eyni zamanda, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub. Bildirilib ki, bu xəttin istifadəyə verilməsi Şimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və çatdırılma müddətini qısaldacaq.

Həmçinin iki ölkənin birgə həyata keçirdiyi, xüsusilə də regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsinə, eləcə də enerji dayanıqlılığının təmin edilməsinə yönələn layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

İclasın yekununda həmsədrlər tərəfindən Komissiyanın iclasının nəticələrinə dair Anlaşma Memorandumu imzalanıb.