ABŞ-ın İranın cənubunda toy mərasiminə hücumu:
4 nəfər həlak olub, 68 nəfər yaralanıb
İranın cənubundakı Hörmüzgan əyalətinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini bildirib ki, ABŞ-ın Sirek şəhərinin Kuhestək rayonunda keçirilən toy mərasiminə hücumu nəticəsində 4 nəfər həlak olub, 68 nəfər isə yaralanıb.
“Pars Today”in verdiyi xəbərə görə, Sirek şəhərinin Kuhestək bölgəsində keçirilən toy mərasiminə ABŞ-ın hücumu ilə bağlı təfərrüatları açıqlayan rəsmi bildirib ki, zərərçəkənlərə yardım göstərilməsi üçün hadisə yerinə 15 təcili tibbi yardım maşını göndərilib. Dağıntıların təmizlənməsi əməliyyatı da başa çatdırılıb.
O, yaralıların vəziyyətinin araşdırılmasının davam etdiyini bildirərək qeyd edib ki, mövcud vəziyyət və bəzi zərərçəkənlərin durumunu nəzərə alaraq, ölənlərin sayının artması ehtimalı var. Yekun statistika araşdırmalar və tibbi tədbirlər başa çatdıqdan sonra açıqlanacaq.
İran hökumətinin sözçüsü: ABŞ-ın Minab və Sirekdə törətdiyi cinayətin izləri açıq-aşkardır
Bu arada, İran hökumətinin sözçüsü Fatimə Mohacərani çərşənbə günü səhər şəxsi səhifəsində yazıb:
“Minabda şagirdləri məktəb partalarının arxasında hədəfə aldılar, Sirekdə isə toy mərasimini yas mərasiminə çevirdilər.”
O əlavə edib: “Hər iki hadisədə ABŞ-ın törətdiyi cinayətin izləri açıq-aşkardır. Heç bir iddia bu cinayəti gizlədə bilməz. Hökumət Hörmüzgan xalqının kədərini bölüşür və onların yanındadır.”