Yəməndən “Aramco”ya və Səudiyyə Ərəbistanındakı digər həssas obyektlərə genişmiqyaslı hücum
https://parstoday.ir/azeri/news/west_asia-i14336-yəməndən_aramco_ya_və_səudiyyə_Ərəbistanındakı_digər_həssas_obyektlərə_genişmiqyaslı_hücum
Yəmən Silahlı Qüvvələrinin sözçüsü “Aramco” obyektlərinə və Səudiyyə Ərəbistanının digər həssas məntəqələrinə, o cümlədən Xamis Müşeytdə yerləşən “Kral Xalid” hava bazasına hücum edildiyini açıqlayıb.
(last modified 2026-09-08T13:21:56+00:00 )
Sen 08, 2026 17:16 Asia/Baku
  • Yəməndən “Aramco”ya və Səudiyyə Ərəbistanındakı digər həssas obyektlərə genişmiqyaslı hücum

Yəmən Silahlı Qüvvələrinin sözçüsü “Aramco” obyektlərinə və Səudiyyə Ərəbistanının digər həssas məntəqələrinə, o cümlədən Xamis Müşeytdə yerləşən “Kral Xalid” hava bazasına hücum edildiyini açıqlayıb.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib: «Artıq 12 ildir ki, əziz Yəmən xalqı cinayətkar Səudiyyə düşməninin təcavüz və mühasirəsi altındadır. Son üç gün ərzində isə Səudiyyə Ərəbistanı Yəmən xalqına qarşı törətdiyi amansız təcavüzlər çərçivəsində 121 hava zərbəsi endirib».

O bildirib ki, bu hücumlar Xamis Müşeytdə yerləşən «Kral Xalid» hava bazasından və Taifdəki «Kral Fəhd» hava bazasından həyata keçirilib. Mərib, Əl-Beyda, Hudeydə, Taiz və Əl-Cövf əyalətləri hədəfə alınıb.

 

Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı böyük cinayətlər törədib. Sonuncu belə cinayətlərdən biri Əl-Cövfda baş verib. Bu hücum nəticəsində Əl-Həzm şəhərindəki həbsxananın çoxsaylı məhbusları, o cümlədən yaxınlarını görmək üçün həbsxanaya gəlmiş qadın və uşaqlar qurban olublar.

 

Bəyanatda vurğulanıb ki, bu təcavüzlərin məqsədi Yəməni işğal etmək, Yəmən xalqını öldürmək və ABŞ və İsrail düşmənlərinin maraqlarına xidmət edən genişmiqyaslı və hərtərəfli gərginlik yaratmaqdır.

 

Yəhya Səri bildirib: «Bu qorxaqcasına həyata keçirilən təcavüzlərə cavab olaraq və “hərtərəfli gərginliyə qarşı hərtərəfli gərginlik” prinsipi çərçivəsində Yəmən Silahlı Qüvvələri genişmiqyaslı və xüsusi hərbi əməliyyat həyata keçirib».

 

O əlavə edib ki, əməliyyat zamanı Əbha və Nəcran şəhərlərində yerləşən “Saudi Aramco” obyektləri, Cizan iqtisadi şəhəri və “Aramco” obyektləri, eləcə də Xamis Müşeytdə yerləşən hava bazası onlarla ballistik raket və pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.

 

Bəyanatda bildirilir ki, Allahın yardımı ilə hücumlar dəqiq olub və qeyd olunan obyektlərə ciddi ziyan dəyib.

 

Bəyanatda vurğulanıb: «Bu gərginliyə görə məsuliyyət Səudiyyə düşməninin üzərinə düşür. Ölkəmizə və xalqımıza qarşı hər hansı təcavüz qəti cavabla qarşılaşacaq. Cinayətkar Səudiyyə düşməninə qarşı daha şiddətli və daha genişmiqyaslı hücumlar həyata keçirməkdən çəkinməyəcəyik».

 

Bəyanatda həmçinin qeyd olunub ki, Səudiyyə düşməninin hərəkətləri, təcavüzləri və hərbi imkanları Yəmən xalqını qorxutmur və mömin, azad və mübariz xalqın iradəsini sındıra bilməz.

 

«Əksinə, istənilən təcavüzün qarşısının alınmasında daha qətiyyətli olacağıq. Çünki xalqımız haqq mövqeyində, düşmən isə batil mövqeyindədir», – deyə bəyanatda vurğulanıb.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanının dərinliklərində əməliyyatların davam etdiriləcəyini bildirərək qeyd edib ki, təcavüzlər dayandırılana və mühasirə aradan qaldırılana qədər «mühasirəyə qarşı mühasirə» prinsipi davam edəcək.

 

Bundan bir neçə saat əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ölkənin cənub bölgəsində yerləşən enerji obyektlərinin hücuma məruz qaldığını açıqlayıb. Nazirliyin məlumatına görə, hücumlar yanğına səbəb olub və bəzi əməliyyatların müvəqqəti dayandırılması ilə nəticələnib.

 

Nazirliyin bəyanatında vurğulanıb ki, hücumlar nəticəsində bəzi Səudiyyə vətəndaşları və ölkədə yaşayan şəxslər yaralanıb. Müvafiq qurumlar yanğını nəzarətə almaq və dəymiş ziyanın miqyasını qiymətləndirmək, həmçinin obyektlərin fəaliyyətinin və təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görürlər.

 

Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin məsul şəxsi bildirib ki, enerji obyektləri bu gün, çərşənbə axşamı səhər saatlarında hədəfə alınıb. Onun sözlərinə görə, aidiyyəti qurumlar hücumların nəticələrini araşdırır və zəruri tədbirləri həyata keçirirlər.