Quterreş ABŞ-ın İranda toy mərasiminə hücumundan narahatlığını bildirib
https://parstoday.ir/azeri/news/iran-i14288-quterreş_abŞ_ın_İranda_toy_mərasiminə_hücumundan_narahatlığını_bildirib
BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın İrana, o cümlədən bir toy mərasiminə endirdiyi zərbələrdən ciddi narahatdır. Dujarrikin sözlərinə görə, Quterreş mülki şəxslərə qarşı bütün hücumları pisləyir.
(last modified 2026-09-04T07:08:03+00:00 )
Sen 04, 2026 11:05 Asia/Baku
  •  Quterreş ABŞ-ın İranda toy mərasiminə hücumundan narahatlığını bildirib

BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın İrana, o cümlədən bir toy mərasiminə endirdiyi zərbələrdən ciddi narahatdır. Dujarrikin sözlərinə görə, Quterreş mülki şəxslərə qarşı bütün hücumları pisləyir.

 

 

BMT baş katibinin sözçüsü Stefan Dujarrik çərşənbə günü yerli vaxtla jurnalistlərə açıqlamasında bildirib ki, BMT baş katibi Fars körfəzində vəziyyətlə bağlı ABŞ və İran arasında ötən gecə atəş mübadiləsinin yenidən başlamasından dərin narahatlıq keçirir.

 

Dujarrik qeyd edib ki, BMT baş katibi mülki əhaliyə dəyən zərərlə bağlı xəbərlərdən, o cümlədən İranda bir toy mərasiminin hədəf alındığı bildirilən hücumdan ciddi narahatdır.

 

O vurğulayıb ki, baş katib mülki şəxslərə qarşı bütün hücumları pisləyir və bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində, o cümlədən fərqləndirmə, mütənasiblik və ehtiyat tədbirlərinin görülməsi prinsiplərinə əməl etməyə çağırır.

 

BMT sözçüsü bildirib ki, vəziyyətin gərginləşməsi fonunda regionda çox az sayda ölkə bu eskalasiyanın nəticələrindən kənarda qala bilib. Onun sözlərinə görə, hava məkanı və həyati əhəmiyyət daşıyan dəniz nəqliyyatı marşrutları hələ də ciddi şəkildə təsirlənir.

 

Dujarrik əlavə edib ki, BMT baş katibi hərbi əməliyyatların dərhal dayandırılması çağırışını bir daha təkrarlayır və bütün aidiyyəti tərəfləri təmkin nümayiş etdirməyə, mövcud gərginliyi daha da artıracaq addımlardan və bəyanatlardan çəkinməyə çağırır.

 

O bildirib ki, gərginliyin daha da artması mülki əhali, daha geniş region və ondan kənarda dağıdıcı nəticələrə səbəb olacaq. BMT sözçüsünün sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması mülki əhali üçün ağır nəticələr doğurub, həmçinin regionda və onun hüdudlarından kənarda humanitar ehtiyaclara və yardım əməliyyatlarına əlavə təzyiq yaradıb.

 

Dujarrik qeyd edib ki, artıq çoxsaylı humanitar böhranlarla üzləşən regionda mövcud vəziyyət şəraitin daha da ağırlaşması riskini artırır. Bu isə humanitar əməliyyatların onsuz da ciddi resurs və maliyyə çatışmazlığı ilə üzləşdiyi bir vaxtda baş verir.

 

BMT-nin yüksək səviyyəli rəsmisi bildirib ki, bütün bu çətinliklərə baxmayaraq, BMT və onun humanitar tərəfdaşları imkan və şərait olan hər yerdə və hər zaman insanların həyatını xilas etmək üçün həyati əhəmiyyətli yardımlar göstərməkdə davam edirlər.

 

Dujarrik bildirib ki, BMT baş katibi ABŞ və İran İslam Respublikasını dərhal diplomatiya yoluna qayıtmağa çağırır. Onun sözlərinə görə, hərtərəfli və davamlı həllə yalnız dialoq və danışıqlar yolu ilə nail olmaq mümkündür.