Kontr-admiral Səyyari:
İran bütün texnologiyalarla silahlanmış düşmən qarşısında dayandı
İran Ordusunun Baş Qərargah rəisi və koordinasiya üzrə müavini bildirib: “Biz özümüzlə fəxr etməli və başımızı dik tutmalıyıq. Çünki dünyanın bütün texnika və texnologiyalarına malik olan bir düşmən qarşısında dayanmışıq.”
ParsToday-in məlumatına görə, İran İslam Respublikası Ordusunun Baş Qərargah rəisi və koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari bildirib:
“Biz bu günə qədər çox yaxşı keyfiyyətli şəxsi heyətə malik olmuşuq. Məhz bu şəxslər 8 illik Müqəddəs Müdafiə dövründə son dərəcə güclü silahlarla təchiz olunmuş düşmən qarşısında dayandılar və sanksiyalara baxmayaraq, ordunun öz ayaqları üzərində dayanmasına, zəruri imkanların təmin edilməsinə və əsas vəzifəsini — ölkənin ərazi bütövlüyünün və İslam İnqilabının müdafiəsini — yerinə yetirməsinə şərait yaratdılar.”
Kontr-admiral Səyyari daha sonra düşmənlərin öz məqsədlərinə çatmaqda uğursuzluğunu İslam İranının uğuru kimi qiymətləndirərək vurğulayıb ki, İran son müharibələrdə uğurlu fəaliyyət göstərib. Bunun səbəbi düşmənin əvvəlcədən müəyyənləşdirdiyi məqsədlərə nail ola bilməməsidir.
O bildirib ki, 8 illik Müqəddəs Müdafiə dövründə də eyni vəziyyət yaşanıb. Həmin vaxt düşmən Xürrəmşəhr şəhərini bir gün ərzində ələ keçirəcəyini və 7 gün ərzində Tehranın Azadi meydanına çatacağını bəyan etmişdi. Lakin düşmən Xürrəmşəhrdə 34 gün ilişib qaldı. Bu isə düşmənin bütün strategiyalarının iflasa uğraması demək idi.
O, bugünkü müharibənin iradələr və çətinliklərə dözmək müharibəsi olduğunu bildirərək deyib:
“Biz bu sahədə çox uğurlu fəaliyyət göstərmişik. Biz özümüzlə fəxr etməli və bilməliyik ki, bu gün qarşımızda dünyanın bütün texnika və texnologiyalarına malik olan bir düşmən dayanıb. Belə bir düşmən qarşısında dayandığımız üçün başımızı dik tutmalıyıq.”