İranın dayanıqlılığı dünyada dillər əzbərinə çevrilib
https://parstoday.ir/azeri/news/iran-i14318-İranın_dayanıqlılığı_dünyada_dillər_əzbərinə_çevrilib
İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei Hindistanda BRİKS-ə üzv ölkələrin məhkəmə hakimiyyəti rəhbərlərinin sammitindən qayıdarkən bildirib ki, İran xalqının və İslam Respublikası quruluşunun dayanıqlılığı dünyada dillər əzbərinə çevrilib.
(last modified 2026-09-06T08:46:11+00:00 )
Sen 06, 2026 12:43 Asia/Baku
  • İranın dayanıqlılığı dünyada dillər əzbərinə çevrilib

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei Hindistanda BRİKS-ə üzv ölkələrin məhkəmə hakimiyyəti rəhbərlərinin sammitindən qayıdarkən bildirib ki, İran xalqının və İslam Respublikası quruluşunun dayanıqlılığı dünyada dillər əzbərinə çevrilib.

Pars Today-nin məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Höccətül-İslam vəl-müslimin Qulamhüseyn Möhsüni-Ejei şənbə günü axşam yüksək səviyyəli Hindistan rəsmilərinin dəvəti ilə BRİKS-ə üzv ölkələrin məhkəmə hakimiyyəti rəhbərlərinin sammitində iştirak etmək məqsədilə Yeni Dehliyə həyata keçirdiyi səfərdən qayıdarkən Mehrabad hava limanında səfərin nəticələri barədə açıqlama verib.

 

O bildirib ki, BRİKS-in bu il üçün şüarı, xüsusilə iqtisadi sahə olmaqla, müxtəlif istiqamətlərdə davamlılıq, əməkdaşlıq və dayanıqlılığa əsaslanır. İran İslam Respublikası bu məfhumların və nümunələrin tam və kamil təcəssümüdür. İran xalqının və İslam Respublikasının dayanıqlılığı artıq bütün dünyada məşhurlaşıb.

 

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri iki günlük Hindistan səfəri çərçivəsində həyata keçirdiyi müxtəlif proqramlara toxunaraq qeyd edib: “Bu səfər zamanı biz şəhid İmamımızın dünyanın azad xalqlarının qəlbində nə qədər yüksək mövqeyə və məqama malik olduğunu açıq şəkildə gördük. Hindistan xalqı və alimləri şəhid İnqilab Rəhbəri haqqında böyük ehtiram və təzimlə danışırdılar.”

 

İranın məhkəmə sisteminin rəhbəri BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərdə səsləndirilən fikirlərə toxunaraq bildirib: “Bu ölkələrin bir çox yüksək səviyyəli rəsmiləri bizimlə keçirdikləri ikitərəfli görüşlərdə açıq şəkildə bildirirdilər ki, İran İslam Respublikası ABŞ-ın hegemonluğunu sındırdı və biz İranın bu səviyyədə gücə, qüdrətə və müqavimətə malik olduğuna inanmırdıq. Onlardan bəziləri deyirdilər ki, ABŞ-ın İrana qarşı təcavüzünün ilk günlərində narahat idik və İslam Respublikasının bu ağır hücum qarşısında dayanıqlılıq göstərə bilməyəcəyinə inanırdıq. Lakin sonradan İran xalqının, döyüşçülərinin və məsul şəxslərinin əzmkarlığı qarşısında heyrətə gəldik.”

 

Möhsüni-Ejei bildirib ki, BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli rəsmiləri ilə keçirdikləri ikitərəfli görüşlər zamanı həmin ölkələrin rəsmiləri müxtəlif sahələrdə, xüsusilə məhkəmə və hüquq sahələrində İran İslam Respublikası ilə anlaşmaların möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər və bu anlaşmalarla bağlı texniki və ilkin tələblərin hazırlanmasını gündəmə gətiriblər.

 

Möhsüni-Ejei müxtəlif din və məzhəblərə mənsub hindistanlı alimlərlə keçirilən görüşlərə, həmçinin iranlı və hindistanlı tacirlərlə görüşlərinə toxunaraq deyib ki, BRİKS məhkəmə hakimiyyəti rəhbərlərinin sammiti çərçivəsində keçirilən görüş və toplantılar, eləcə də sammitin kənarında baş tutan görüşlər çox məhsuldar olub.