BMT
Pezeşkian və Quterreşdən diplomatiya və sülh mesajı
İran Prezidenti Məsud Pezeşkian BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə Tehranın diplomatiya və dialoqa sadiqliyini vurğulayıb. Quterreş isə regional problemlərin siyasi və dinc yollarla həllinin, həmçinin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasının vacibliyini qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə İranın diplomatiya və dialoqa sadiq olduğunu, nüvə proqramının dinc məqsədlər daşıdığını və regional problemlərin region ölkələri arasında əməkdaşlıq yolu ilə, xarici müdaxilə olmadan həll edilməli olduğunu bildirib.
Pezeşkian ABŞ-a etimadın əvvəlki təcrübələr səbəbindən ciddi şəkildə zədələndiyini, lakin İranın danışıqlar masasını tərk etmədiyini vurğulayıb.
Quterreş isə İranın diplomatik səylərini müsbət qiymətləndirərək dialoqun davam etdirilməsinin və regional problemlərin siyasi və dinc yollarla həllinin vacibliyini qeyd edib.
BMT Baş katibi İranın səsinin «sülh və mötədillik səsi» olduğunu bildirib və İranın nüvə silahı əldə etməyə çalışmadığı qənaətində olduğunu deyib.
Tərəflər həmçinin Yaxın Şərqdə sülh və sabitliyin, eləcə də Hörmüz boğazının təhlükəsizliyinin qlobal əhəmiyyət daşıdığını vurğulayıblar.