Bəqai:
ABŞ-ın təkliflərinə cavabımızı vasitəçilər vasitəsilə təqdim edəcəyik
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran ABŞ-ın təkliflərinə cavabını vasitəçilər vasitəsilə təqdim edəcək. O, həmçinin İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz marşrutların koordinatları ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran-ABŞ danışıqlarının son vəziyyəti ilə bağlı sualı cavablandırarkən bildirib: «İran İslam Respublikasının bütün cəbhələrdə diktə edilmiş müharibəyə son qoyulması, Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin bərpa edilməsi ilə bağlı mövqeyi və şərtləri açıq və qəti şəkildə izah olunub. Qarşı tərəfin təkliflərinə cavab da vasitəçilər vasitəsilə təqdim ediləcək.»
O əlavə edib: «İran və ABŞ arasında mesaj mübadiləsi vasitəçilər üzərindən həyata keçirilir.»
İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz marşrutlarla bağlı razılaşma
XİN sözçüsü regionda sülh və təhlükəsizlik, o cümlədən Hörmüz boğazında kommersiya gəmiçiliyi ilə bağlı diplomatik proseslər barədə bildirib: «İran bu su yolunun digər sahilyanı dövləti olan Omanla məsləhətləşmələr çərçivəsində Hörmüz boğazında təhlükəsizliyin bərpası üçün bütün səylərini davam etdirib.»
Bəqai bildirib: «İran və Oman arasında məsləhətləşmələr uğurla aparılıb. Tərəflər Hörmüz boğazında gediş-gəliş üçün təhlükəsiz marşrutların coğrafi koordinatları ilə bağlı razılığa gəliblər. Həmçinin bu məsələnin müvafiq beynəlxalq qurum səviyyəsində necə əks etdiriləcəyi barədə də anlaşma əldə olunub və inşallah, bu məsələ yaxın vaxtlarda həyata keçiriləcək.»
İran regionda etimadın gücləndirilməsi səylərini davam etdirəcək
XİN sözçüsü İran və Omanla yanaşı, Fars körfəzi ölkələrinin iştirakı ilə birgə toplantının keçirilməsi ehtimalı ilə bağlı suala cavabında deyib: «İran region ölkələri arasında etimadın və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.»
Vətənin müdafiəçiləri diplomatiyada və meydanda qətiyyətlidirlər
Bəqai sonda vurğulayıb: «Vətənin müdafiəçiləri həm diplomatiya, həm də meydan sahəsində ölkənin varlığını, milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün çiyin-çiyinə, qətiyyət və əzmlə fəaliyyət göstərirlər.»