Xacə Məhəmməd Nəsirəddin Tusi
(last modified Mon, 21 Oct 2024 06:39:43 GMT )
Okt 21, 2024 10:39 Asia/Baku
  • Xacə Məhəmməd Nəsirəddin Tusi

Xacə Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı isə Həsəndir.   

 

Dövrünün ağıllı, bilikli,görkəmli alimi olduğuna görə xalq ona Nəsirəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir. Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərindən biri hesab edilən Həmədan şəhərindəndir.

 

Nəsirəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün "Seyr və sülük” əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: ”Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa,ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.”

 

Şərqin bir sıra şəhərlərini gəzib-dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimlərilə,o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub onlardan dərs almışdır.

 

Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir.

 

1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən bir sıra dillərə tərcümə olunan məşhur "Əxlaqi-Nasiri” əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq "Ələmut” qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq,bir neçə elmi əsər yaza bilir.

 

 

Tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə riyaziyyatçı hesab edir.Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqanometriyanın inkişafında mühüm rol oynamışdır.1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid”,"Başlanğıcın təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə”də Avropada triqanometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqanometriyaya müstəqil elm sahəsi kimi yanaşılır.Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir.

 

Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa, alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisadiyyata, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında "Bağdadın tarixi”, "İşığın əks olunması və sınması haqda risalə”, "Evklid optikası”, "Göy qurşağının öyrənilməsinə dair risalə”, "Qiymətli daşlar haqqında kitab”, "Tibb qanunları” , "Dövlət maliyyəsi haqqında risalə”, "Xoşbəxt günlərin seçilməsi” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

 

Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris,  Kembric, Leypsiq, Münhen, Berlin, Vyana, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

 

Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcılarını gözləməkdədir.

 

Nəsirəddin Tusi yazmışdır: "Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçər, yaxşılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar.”

 

Nəsirəddin Tusi (1201-1274) əxlaqı sərvət hesab edərək,onun fitri olmadığını qeyd edirdi. O, deyirdi: "Əgər xasiyyət fitri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tərbiyyəsi və cavanların əxlaqının saflaşdırılması, möhkəmləndirilməsi və adət şəklinə salınmasına məsləhət görməz, özləri də bununla məşğul olmazdılar.”