Üçtərəfli saziş Hindistanın hesablamalarını çətinləşdirir
https://parstoday.ir/azeri/news/west_asia-i14042-Üçtərəfli_saziş_hindistanın_hesablamalarını_çətinləşdirir
Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında hərbi hücuma qarşı birgə müdafiəni nəzərdə tutan sazişin imzalanması Hindistanda narahatlıq yaradıb. Analitiklərin fikrincə, bu razılaşma Pakistanın strateji mövqeyini gücləndirməklə yanaşı, Səudiyyə Ərəbistanının maliyyə imkanlarını, Türkiyənin müdafiə texnologiyalarını və Pakistanın strateji coğrafi mövqeyini birləşdirərək Hindistan, Pakistan və Çin arasındakı regional təhlükəsizlik balansına təsir göstərə bilər
(last modified 2026-08-19T10:43:33+00:00 )
Avq 19, 2026 14:38 Asia/Baku
  •  Üçtərəfli saziş Hindistanın hesablamalarını çətinləşdirir

Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında hərbi hücuma qarşı birgə müdafiəni nəzərdə tutan sazişin imzalanması Hindistanda narahatlıq yaradıb. Analitiklərin fikrincə, bu razılaşma Pakistanın strateji mövqeyini gücləndirməklə yanaşı, Səudiyyə Ərəbistanının maliyyə imkanlarını, Türkiyənin müdafiə texnologiyalarını və Pakistanın strateji coğrafi mövqeyini birləşdirərək Hindistan, Pakistan və Çin arasındakı regional təhlükəsizlik balansına təsir göstərə bilər

PARS Today-in South China Morning Post qəzetinə istinadən verdiyi xəbərə görə, ötən həftə Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı Məkkədə üçtərəfli saziş imzalayıb. Sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı hərbi hücum onların hamısına qarşı hücum kimi qiymətləndiriləcək. Bu üç ölkənin hökumətləri sazişi müdafiə xarakterli sənəd kimi təqdim edib və onun hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini bildiriblər.

Analitiklər hesab edirlər ki, bu sazişin Hindistan üçün əsas əhəmiyyəti onun Pakistanın strateji mövqeyini və Pakistan, Hindistan və Çin kimi üç nüvə dövlətinin regional balansını necə dəyişə biləcəyindədir.

Dehlidə yerləşən strateji məsələlər üzrə analitik Brahma Çellani bildirib ki, “bu razılaşma Səudiyyə Ərəbistanının maliyyə imkanlarını, Türkiyənin müdafiə texnologiyalarını və Pakistanın strateji coğrafi mövqeyini birləşdirən üçtərəfli çərçivəni institusionallaşdırır”.

O, sosial şəbəkədə yazıb: “Belə müddəaların nə vaxtsa tətbiq edilib-edilməyəcəyindən asılı olmayaraq, bu sazişin mövcudluğu böhranların planlaşdırılması və çəkindirmə baxımından əlavə qeyri-müəyyənlik yaradaraq Hindistanın strateji hesablamalarını çətinləşdirə bilər.”

Bu qeyri-müəyyənlik xüsusilə əhəmiyyətlidir. Çünki Hindistan hazırda iki əsas təhlükəsizlik problemi ilə üz-üzədir: qərbdə Pakistanla uzunmüddətli sərhəd mübahisəsi, şimalda isə Çinlə sərhəd problemi.

Hindistan 1947-ci ildən etibarən Pakistanla dörd müharibə, Çinlə isə 1962-ci ildə genişmiqyaslı müharibə aparıb. Bundan başqa, iki ölkə arasında Himalay sərhədi boyunca bir sıra ölümcül toqquşmalar baş verib. Sonuncu böyük insident 2020-ci ildə Qalvan vadisində baş verib və nəticədə 20 hindistanlı, 4 çinli hərbçi həlak olub.

Çellani birgə müdafiə sazişini ötən il Hindistanın Pakistana qarşı keçirdiyi hərbi əməliyyatların nəticələri ilə əlaqələndirib.

Kəşmirin Hindistanın nəzarətində olan hissəsində turistlərə qarşı hücumdan sonra başlayan həmin qarşıdurmada Dehli İslamabadı məsuliyyət daşımaqda ittiham edib. Pakistan isə bir neçə Hindistan qırıcısını vurduğunu açıqlayıb.

Çellani hesab edir ki, Dehlinin cəmi 3,5 gündən sonra hərbi əməliyyatları dayandırmaq qərarı “Pakistanın, xüsusilə də İslam dünyasında beynəlxalq nüfuzunun bərpasına kömək edib”.

Onun sözlərinə görə, bu yanaşma Pakistanın strateji əhəmiyyətini artırıb və əvvəlcə ötən il Səudiyyə Ərəbistanı ilə birgə müdafiə sazişinin imzalanmasına, daha sonra isə bu əməkdaşlığın Türkiyənin də daxil edilməsi ilə genişləndirilməsinə şərait yaradıb.

Yeni sazişlə Çinin ən yaxın tərəfdaşlarından biri olan Pakistan daha böyük diplomatik çəki qazanır və NATO üzvü Türkiyədən daha geniş çeşiddə hərbi texnika əldə etmək imkanını artırır.

Nisbətən güclənmiş Pakistan Hindistanın diqqətini qərb və şimal cəbhələri arasında bölüşdürməyə məcbur edə bilər. Bu isə uzun müddətdir Çinin maraqlarına uyğun hesab edilən nəticədir.

Nyu-Yorkda yerləşən Asia Society Policy Institute analitik mərkəzinin nümayəndəsi Fərvah Əmir hesab edir ki, bu saziş “Pakistanı daha cəsarətli edir”.

O bildirib: “Pakistan daha geniş regional təhlükəsizlik arxitekturasına inteqrasiya olunur. Pekin üçün isə Pakistanın daha təhlükəsiz və sabit vəziyyətdə olması maraqlıdır.”

Onun sözlərinə görə, bu siyasət həm iqtisadi investisiya maraqlarına, həm də regiondakı geosiyasi maraqlara xidmət edir.

Hindistanın keçmiş xarici işlər naziri Kanval Sibal isə bildirib ki, Hindistan artıq “mühüm maraqlarının olduğu regionda Pakistanın yüksələn siyasi və təhlükəsizlik mövqeyi ilə mübarizə aparmalıdır”.

O əlavə edib: “Pakistan Hindistana qarşı daha fəal diplomatiya yürütməkdə özünü daha cəsarətli hiss edəcək və terror məsələsində daha böyük risklərə gedə bilər.”

Kanadadakı Thompson Rivers University-dən Saira Bano isə Lowy İnstitutunda dərc olunan təhlilində yazıb: “Pakistan maliyyə resursları, texnologiya və diplomatik təsir baxımından böyük imkanlara malik iki ölkə ilə rəsmi təhlükəsizlik çərçivəsi əldə edib.”

O davam edib: “Bu, Pakistanın Çinlə dərinləşən strateji və müdafiə əlaqələri ilə birlikdə Hindistanın əvvəllər əsasən ikitərəfli rəqabət kimi gördüyü münasibətləri daha geniş ittifaqlar şəbəkəsinə çevirir.”

Bununla belə, Bano vurğulayıb ki, birgə müdafiə sazişi avtomatik olaraq Hindistana qarşı blok yaratmır və Çinə də məhdudiyyətsiz üstünlük qazandırmır.

Onun fikrincə, sazişin “ən mühüm xüsusiyyəti” onun NATO-ya bənzəməsi deyil. NATO-da da üzvlərdən birinə hücum hamısına hücum kimi qəbul edilir. Əsas məsələ isə bu razılaşmanın “Fars körfəzi, Şərqi Aralıq dənizi və Cənubi Asiya arasındakı strateji məsafəni aradan qaldırmasıdır”.

Bano əlavə edib: “Bu, adətən ayrı-ayrılıqda təhlil edilən üç strateji məkanı bir-birinə bağlayan regional özünəinam və özünütəminetmə modelinin sınağıdır.”